Tarixdə baş vermiş qəza və fəlakətlər

Çikaqoda təyyarə qəzası. 25 may 1979-cu il

Geri

1979-cu ilin may ayının 25-də Çikaqonun Ohara hava limanından havaya qalxmış "DC-10-10" tipli hava gəmisi qəflətən qəzaya uğradı. 273 nəfərin həlak olduğu bu hadisə aviasiya tarixinin ən böyük qəzalarından biri hesab edilir.

"DC-10-10" təyyarəsi Nyu-York - Çikaqo - Los-Anceles reysini həyata keçirirdi. Təyyarə havaya qalxdıqdan 31 dəqiqə sonra, hava limanından təxminən 24 km şimal-qərbdə boş əraziyə düşdü.

Qəzanın səbəblərinin müəyyən edilməsi məqsədilə təyyarənin sol mühərrikinin pilonunun qırıntıları ətraflı tədqiq edildi və pilonun əsas güc elementində 3 metr uzunluğunda çat aşkar edildi. Oradakı kiçik çatlar isə onun metalının qəzadan xeyli əvvəl istismara yararlılığını itirdiyini bildirirdi. Müəyyən edilib ki, mühərrikin pilonu 172 tonluq hava gəmisinin ağırlığına tab gətirməyərək qırılıb.

Federal aviasiya idarəsi bütün bu növ təyyarələrin mühərriklərinin pilonlarına baxış keçirilməsinə dair dərhal göstəriş verdi. Müxtəlif araşdırmalar zamanı 31 təyyarənin pilonlarının metalının sıradan çıxdığı müəyyən olundu. Nəticədə, 6 iyun 1979-cu il tarixində "DC-10-10" tipli təyyarələrin uçuşa yararlılıq sertifikatı ləğv olundu və 41 aviaşirkətə məxsus 270 nəhəng aerobusun uçuşuna qadağa qoyuldu.

Qəzanın səbəblərinin araşdırılması 5 həftə ərzində davam etdi. Yalnız təyyarələrin texniki vəziyyətinin əsaslı yoxlanılması başa çatdıqdan sonra - 1979-cu ilin iyul ayının 13-də "DC-10-10" təyyarələri yenidən öz uçuşlarını həyata keçirməyə başladı.