Tarixdə baş vermiş qəza və fəlakətlər

Uaskaran dağının kataklizmləri. 31 may 1970-ci il.

Geri

And dağlarının digər qarlı yüksəklikləri kimi, Perunun ən yüksək zirvəsi olan Uaskaran dağı da alpinist və turistlər arasında məşhurdur. Tarixdə bu dağ həm də səbəb olduğu iki irimiqyaslı fövqəladə hadisə ilə tanınır.

1962-ci ildə havaların ani qızması nəticəsində dağın zirvəsinin bir hissəsi qopmuşdur. Bu da, öz növbəsində, qar uçqunu yaratmışdır. Uçqun bir neçə yaşayış məntəqəsini dağıtmış, 3500 nəfərin həyatına son qoymuşdur.

Daha böyük fəlakət - bu dəfə 1970-ci ilin may ayının 31-də baş vermiş zəlzələ nəticəsində Uaskaran dağının yamacından qopmuş buz qırıntısı 6768 m. hündürlükdən Lyanqanuko gölünə düşmüşdür. Zərbədən, təxminən 50 milyon kub metr həcmində su, daş və palçıq kütləsi göldən sıçrayaraq 370 km/s sürətlə yaxınlıqdakı Yunqay şəhərinə yönəlmişdir. Əhalisi 23 min nəfər olan şəhər bir göz qırpımında, 7 dəqiqə ərzində isə bütövlükdə Santa vadisi su altında qalmışdır. Yaranmış dəhşətli mənzərə Xirosima faciəsi ilə müqayisə edilirdi.

Ümumilikdə, faciə nəticəsində 70 min insan həlak olmuş, 50 min insan yaralanmış, 800 min nəfər isə yurdsuz qalmışdır. Yunqay şəhərinin böyük bir hissəsi və 10 kənd yer üzündən silinmişdir.