Tarixdə baş vermiş qəza və fəlakətlər

Pakistanda tufan. 13 noyabr 1970-ci il.

Geri

13 noyabr 1970-ci il tarixində Şərqi Pakistan (indiki Banqladeş Xalq Respublikası) ərazisində bəşər tarixinin ən dəhşətli tufanlarından biri baş verdi. Belə ki, Qanq çayının delta ərazilərində və Bxoda, Xatiya, Kukri-Mukri, Manpura və Rabnabad sahilboyu adalarında sürəti saatda 240 km-ə çatan küləyin təsirindən yaranan və hündürlüyü 8-15 metrə qədər olan güclü dalğa sıx məskunlaşmış adaların üzərindən keçərək qarşısına çıxan hər şeyi məhv etdi. Bu adalar və sahilin materik hissəsi bir neçə saat ərzində su altında qaldı.

Tufanın nəticələri çox ağır idi: əksər körpülər, avtomobil və dəmir yol magistralları sıradan çıxdı, bir sıra kənd və qəsəbələr ciddi dağıntılara məruz qaldı, ərazidəki gəmilərin 90%-i sulara qərq oldu. Tarixi mənbələrdə tufandan 10 mln-dan artıq insanın zərər çəkdiyi bildirilir. Təqribi hesablamalara görə, həlak olanların sayı 300-500 min, bəzi məlumatlara görə isə 1 milyona yaxın idi.

Bu tufan bəşər tarixinin ən böyük təbii fəlakətlərindən biri idi. Dəhşətlisi o idi ki, tufanın yaxınlaşması kosmik çəkilişlərlə məlum olduğu və bu barədə Pakistan hökuməti əvvəlcədən xəbərdar edildiyi halda, heç bir təhlükəsizlik tədbiri görülməmişdi.