Tarixdə baş vermiş qəza və fəlakətlər

Şamaxı zəlzələsi - 13 fevral 1902-ci il

Geri
Azərbaycan ərazisində 9 ballıq seysmik zonaya daxil olan Şamaxıda tarix boyu dəfələrlə güclü zəlzələlər baş verib. Lakin sonuncu dəfə 1902-ci ilin fevral ayının 13-də baş vermiş 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə-yeksan oldu.

Belə ki, həmin gün səhər tezdən başlayaraq hiss olunan zəif titrəyişlərə şəhər əhalisi əvvəlcə əhəmiyyət vermədi. Çünki seysmik cəhətdən aktiv olan bu ərazidə tez-tez baş verən zəlzələlərə yerli əhali artıq öyrəncəli idi. Günorta vaxtı isə qəflətən şimal-qərb istiqamətində yerləşən dağlar tərəfdən dəhşətli gurultu eşidildi və bir-birinin ardınca baş verən beş güclü təkan şəhəri tamamılə məhv etdi. 900 illik tarixi olan Cümə məscidi və digər qədim binalar torpaq içərisində görünməz oldu. Birinci təkandan sonra baş verən yanğın faciənin miqyasını daha da artırdı. Belə ki, qış vaxtı olduğundan, bir çox tikililərdə qızdırıcı kimi manqallardan istifadə edilirdi. Yanğına da həmin manqallar səbəb oldu. Zəlzələdən salamat qalan əşyaları yanğın külə çevirdi. Bu dəhşətli zəlzələ nəticəsində, təxminən, 2000 nəfər həlak oldu.

Eyni zamanda, Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağ vulkanının oyanmasına da səbəb oldu. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2000 baş mal-qara bir anın içərisində məhv oldu.