Beynəlxalq əlaqələr

FHN və Koreya Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Şərqi Asiya regionunun inkişaf edən dövlətlərindən biri kimi Koreya Respublikasının müvafiq qurumları ilə əlaqələrin hərtərəfli genişlənməsinə xüsusi əhəmiyyət verir.

Müvafiq əməkdaşlıq edilən qurumlar sırasında Koreya Respublikası Tikinti və Nəqliyyat Nazirliyidir. 11 may 2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Tikinti və Nəqliyyat Nazirliyi arasında tikinti sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Anlaşma Memorandumuna əsasən, Koreyanın tikinti sahəsində qabaqcıl texnologiyalarını və təcrübəsini öyrənmək, təcrübə-konstruktor işləri aparmaq məqsədi ilə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və onun tabe təşkilatlarının mütəxəssisləri Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının və GS Mühəndislik və Tikinti şirkətinin müxtəlif vaxtlarda təşkil etdikləri təlim kurslarında iştirak etmişlər.

Həmçinin qurumların arasında Koreya Respublikasının Fövqəladə halların İdarə olunması Milli Agentliyini ilə (NEMA) müntəzəm olaraq sıx əməkdaşlıq fəaliyyəti həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikasına rəsmi səfəri zamanı 23 aprel 2007-ci il tarixində Seul şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Fövqəladə Halların İdarə Olunması Milli Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sənəddə hər iki ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq təbii və texnogen mənşəli fövqəladə halların idarə olunmasında dəstək və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, axtarış-xilasetmə və fövqəladə tibbi xidmət üzrə əməliyyat təcrübəsinin mübadiləsi və gələcək təkmilləşdirmə üçün birgə tədqiqatların aparılması məsələləri əks olunmuşdur. 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 28-29 aprel 2011-ci il tarixlərində Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sunun dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olub. Səfər çərçivəsində hər iki qurum arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barəsində müzakirələr keçirilib, Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq olub. Həmçinin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif avadanlıqların istehsalı ilə məşğul olan bir sıra Koreya şirkətlərinin nümayəndələri ilə də görüş olub. Həmçinin Anlaşma Memorandumunun müddəalarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilib.

Əməkdaşlığın davamı kimi, 26-27 oktyabr 2007-ci il tarixlərində Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Mun Von-Kyunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı fövqəladə halların idarə olunması praktikasının təkmilləşdirilməsi, bu sahədə ekspertlərin tədrisi, axtarış-xilasetmə və fövqəladə tibbi xidmət üzrə əməliyyat təcrübəsinin mübadiləsi, və  Anlaşma Memorandumu”nda qeyd edilmiş bəzi müddəaların yerinə yetirilməsi məsələləri müzakirə edilmişdir.

Ümumiyyətlə, iki dost ölkənin uyğun qurumlarının fövqəladə hallara qarşı birgə mübarizəyə, qarşılıqlı faydalı əməkdaşlığa davam etdirilməsi məqsədi ilə,   Fövqəladə Hallar Naziri Kəmaləddin  Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2011-ci il 27 Aprel tarixlərində Koreya Respublikasına səfəri baş tutmuşdur və səfər zamanı NEMA-nın rəhbərliyi ilə Azərbaycan və Koreya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf məsələləri, mövcud potensialdan səmərəli istifadənin vacibliyi, həmçinin, iki ölkənin müvafiq qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi və fövqəladə halların idarə olunması səhəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran, gələcək əməkdaşlıq perspektivləri barəsində görüşləri olmuşdur. 

Daha sonra əməkdaşlığın genişləndirilməsi məqsədi ilə, 2-4 iyun 2011-ci il tarixlərində  Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sonun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı 23 aprel 2007-ci il tarixdə Seul şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”un müddəalarının yerinə yetirilməsi məqsədilə müzakirələr aparılmışdır.

“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2007-ci il tarixli 624 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əmri ilə inşası 2001-ci ildən sonra başlamış və nazirliyin ekspertizasından keçməmiş bütün ictimai və çoxmənzilli yaşayış binalarının müayinəsinin aparılması məqsədi ilə xarici ölkələrin müvafiq sahə üzrə mütəxəssislərinin cəlb olunması üçün Agentliyə müvafiq tapşırıqlar verilmişdir. Bu məqsədlə binaların müayinəsinin aparılması üçün Agentlik tərəfindən bir sıra xarici ölkələrlə yanaşı Koreya mütəxəssisləri də cəlb olunmuşlar və həmin mütəxəssislər müayinə aparılaraq müvafiq rəylər hazırlanmışdır.

 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə halların idarə edilməsi Milli Agentliyi arasında mövcud ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və müvafiq qurumlarına səfər etmək məqsədilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Koreyanın Seul şəhərinə 27-30 aprel 2011-ci tarixində səfəri baş tutmuşdur.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 17-20 oktyabr 2013-ci il tarixlərində Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin yeni təyin olunmuş rəhbəri Nam Sang-honun dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olub. Səfər çərçivəsində hər iki qurum arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlər barəsində müzakirələr keçirilib.

19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Seul şəhərində 16 aprel 2014-cü il tarixində Sevol gəmisinin batması nəticəsində həyatlarını itirmiş insanların xatirəsinə ayrılmış məkan ziyarət edilmiş və gül dəstələri qoyulmuşdur.

Azərbaycan Respublikası fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 9 oktyabr 2015-ci Koreyanın ölkəmizdə fəaliyyət müddəti bitmiş səfiri cənab Çoi Suk-İn ilə görüşmüşdür.

Nazir hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini səfirin diqqətinə çatdırıb. Səfir ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşmüşdür.

Nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Sonra Azərbaycan ilə Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışmışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycan Respublikasının müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Görüşdə qarşılqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Hazırda 2014-cü ildə Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin yerinə təsis olunmuş Koreya Respublikasının İctimai Təhlükəsizlik nazirliyi ilə ikitərəfli əlaqələr yaradılması, fəlakətlərin idarə olunması sahəsində uğurlu inkişafı istiqamətində fəaliyyət aparılır.

Bundan əlavə Nazirliyin əməkdaşlı müntəzəm olaraq Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən təşkil olunan ixtisas artırma və ekspertlərin təcrübə mübadiləsi üzrə beynəlxalq kurslar və təlimlərdə iştirak edirlər.