Beynəlxalq sənədlər

«GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə

Geri

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2003-cü il iyulun 4-də Yalta şəhərində imzalanmış «GUÖAM» iştirakçısı olan dövlətlərin hökumətləri arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında» Saziş təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 21 may 2004-cü il.

№ 668-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 iyul 2004-cü il, № 150) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 iyun 2004-cü il, № 6, maddə 406) («VneshExpertService» LLC).


GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında
Saziş

Bundan sonra «Tərəflər» adlanacaq Azərbaycan Respublikasının Hökuməti, Gürcüstanın İcra Hakimiyyəti, Moldova Respublikasının Hökuməti, Özbəkistan Respublikasının Hökuməti və Ukraynanın Nazirlər Kabineti,

öz ölkələri və xalqları arasında ənənəvi dostluq münasibətlərindən və əməkdaşlıqdan irəli gələrək və onların sonrakı inkişafına öz səylərini vurğulayaraq,

GUÖAM iştirakçısı olan dövlətlər arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafını yüksək qiymətləndirərək,

beynəlxalq hüququn əsas normalarına və prinsiplərinə öz bağlılıqlarını təsdiqləyərək,

yalnız ayrı-ayrı şəxslər və dövlətlər üçün deyil, eyni zamanda bütün dünya ictimaiyyəti üçün ciddi təhlükə yaradan, tez-tez baş verən fövqəladə hallardan və terror aktlarından, o cümlədən kütləvi qırğın silahının və onun elementlərinin tətbiqi mümkünlüyündən dərin narahatlıq keçirərək və fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın zəruriliyini etiraf edərək,

elmi və texniki məlumat mübadiləsinin, fövqəladə hallara hazırlıq və cavab tədbirləri üzrə birgə təlimlər zamanı hərəkətlərin işlənməsinin Tərəflər üçün faydalı olacağını nəzərə alaraq,

Tərəflər arasında milli və regional səviyyədə yuxarıda qeyd edilmiş sahədə əlaqə mexanizminin və əməkdaşlığın təkmilləşdirilmə zərurətini təsdiqləyərək,

fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsindəki əməkdaşlığın bütün dövlətlərin əmin-amanlığına və təhlükəsizliyinə dəyərli töhfə olacağını təsdiqləyərək,

2002-ci il 7 iyun tarixli GUÖAM Yalta Xartiyasının, habelə Tərəflər arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlərin müddəalarını rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Tətbiq dairəsi

Bu Saziş fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın şərtlərini və formalarını, habelə fövqəladə hallara qarşı cavab tədbirlərinin görülməsi zamanı millətlərarası səviyyədə Tərəflərin qarşılıqlı fəaliyyətini nizamlayır.

Maddə 2. Anlayışlar

Bu Sazişdə istifadə edilən terminlər aşağıdakı mənaları daşıyır:

  •  
    • Əməkdaşlıq — mülki strukturların bilavasitə nəzarəti altında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində birgə səmərəli fəaliyyəti həyata keçirmək məqsədilə zəruri resursların cəlb edilməsi üçün Tərəflərin qarşılıqlı əlaqəsidir;
    • Milli Əlaqələndirmə Mərkəzi — fövqəladə halların nəticələrinin azaldılması və ya aradan qaldırılması üzrə fəaliyyəti əlaqələndirmək, məlumat mübadiləsini və bu Sazişin yerinə yetirilməsi ilə bağlı digər fəaliyyəti həyata keçirmək üçün hər bir Tərəfin dövlətində mövcud olan, yaxud onun vəzifəsini yerinə yetirən mərkəzdir;
    • fövqəladə hal — müəyyən ərazidə insan tələfatı və maddi itkilərlə nəticələnən və ya nəticələnə biləcək qəza, fəlakət, təbii fəlakət və ya digər təhlükəli hadisələrlə baş vermiş insanların normal həyat tərzinin və fəaliyyətinin pozulmasıdır;
    • fövqəladə halların nəticələrinin aradan qaldırılması — fövqəladə halların baş verdiyi zaman həyata keçirilən və insanların həyatının xilas edilməsinə və səhhətinin qorunmasına, ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin ölçülərinin azaldılmasına, habelə fövqəladə hallar zonasının lokallaşdırılmasına yönəldilmiş xilasedici və digər təxirəsalınmaz tədbirlərdir.

Maddə 3. Əməkdaşlıq prinsipləri

Bu Saziş çərçivəsindəki bütün birgə fəaliyyət Tərəflərin dövlətlərinin qanunvericiliyinə, ümumi qəbul edilmiş beynəlxalq normalara uyğun həyata keçirilir, habelə bərabərlik, qarşılıqlı əlaqə və qarşılıqlı fayda prinsiplərinə əsaslanır və ümumi problemlərin həllinə, Tərəflərin fövqəladə hallar üzrə cavab tədbirlərinə hazırlığının yaxşılaşdırılmasına və onların baş verdiyi halda xilasedici əməliyyatların keçirilməsinə yönəldilir.

Maddə 4. Əməkdaşlıq formaları

1. Tərəflər ümumi maraq kəsb edən aşağıdakı istiqamətlər üzrə yuxarıda qeyd edilmiş sahədə əməkdaşlığı inkişaf etdirirlər;

a) təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinə cavab tədbirlərinin tətbiqinə, yumşaldılmasına və aradan qaldırılmasına hazırlığa dair Tərəflərin imkanlarının artırılması mexanizmi və üsullarının işlənib hazırlanması, o cümlədən:

§  təbii və texnogen mənşəli təhlükəli halların monitorinqi;

§  transsərhəd xarakterli fövqəladə halların baş verməsi və təhlükəsi haqqında qarşılıqlı məlumatlandırma;

§  təbii və texnogen xarakterli fövqəladə halların proqnozlaşdırılması;

§  fövqəladə hallarda yardımın göstərilməsi üzrə fəaliyyətin əlaqələndirilməsi;

§  fövqəladə halların təsirinin və onlara cavab tədbirlərinin tətbiqinə münasibətdə tələbatların qiymətləndirilməsi;

§  fövqəladə hallar üçün planların hazırlanması;

b) mütəxəssislər, tədqiqatçılar, məlumat, texnologiya və qiymətləndirmə metodologiyasının mübadiləsi;

c) birgə konfransların, seminarların və praktiki məşğələlərin keçirilməsi, habelə tədqiqat layihələrinin və inkişafa dair layihələrin qarşılıqlı planlaşdırılması, işlənib hazırlanması və tətbiqi;

d) xilasedici əməliyyatlar üzrə məşğələlərin və birgə təlimlərin keçirilməsi;

e) bu Sazişin predmeti ilə bağlı məlumat bazalarının yaradılması və digər tədbirlər;

f) Tərəflər arasında kommunikasiya əlaqələrinin yaradılması;

g) pilot layihələrinin həyata keçirilməsi;

h) kadrların hazırlanması və onların ixtisaslarının artırılması;

i) Tərəflərin səlahiyyətli orqanlarının razılığı ilə əməkdaşlığın hər hansı digər formaları.

2. Aşağıdakılara münasibətdə operativ əlaqə mexanizmlərinin yaradılması:

a) Tərəflərin dövlətlərinin ərazilərində baş vermiş təbii və texnogen xarakterli fövqəladə hallar haqqında Tərəflərin məlumatlandırılmasına;

b) Tərəflər arasında yardıma dair sorğular və təkliflərə;

c) üçüncü ölkələrdə təbii və texnogen xarakterli fövqəladə hallara qədər birgə cavab tədbirlərinin tətbiqi mümkünlüyünə.

Maddə 5. Səlahiyyətli orqanlar

1. Bu Sazişin tətbiqi məqsədilə Tərəflər müvafiq səlahiyyətli orqanlar təyin edirlər:

  •  
    • Azərbaycan Respublikasında: Fövqəladə Hallar üzrə Dövlət Komissiyası;
    • Gürcüstanda: Fövqəladə Hallar və Mülki Müdafiə üzrə Baş İdarə, Daxili İşlər Nazirliyi;
    • Moldova Respublikasında: Fövqəladə Hallar üzrə Dövlət Departamenti;
    • Özbəkistan Respublikasında: Fövqəladə Hallar üzrə Nazirlik;
    • Ukraynada: Fövqəladə Hallar Məsələləri və Əhalinin Çernobıl Qəzasının Nəticələrindən Müdafiəsi İşləri üzrə Nazirlik.

2. Tərəflər Səlahiyyətli orqanın və ya Milli Əlaqələndirmə Mərkəzinin hər hansı təyin edilməsi və dəyişikliyi haqqında diplomatik kanallar vasitəsilə bir-birini yazılı şəkildə məlumatlandırırlar.

Maddə 6. Birgə komissiya

1. Bu Saziş çərçivəsində birgə fəaliyyət strategiyasının, taktikasının və planlarının hazırlanması, həmin fəaliyyətin nəticələrinin nəzərdən keçirilməsi və təhlili məqsədilə Tərəflər fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri üzrə Birgə komissiya (bundan sonra «Birgə komissiya» adlanacaq) yaradırlar.

2. Tərəflərin səlahiyyətli orqanları Birgə komissiyanın tərkibini və funksiyalarını müəyyən edirlər.

3. Birgə komissiyanın iclasları GUÖAM iştirakçısı olan dövlətlərin ərazilərində ardıcıllıqla, bir qayda olaraq, ildə bir dəfə, lazım gəldikdə isə Tərəflərin səlahiyyətli orqanları arasında razılığa əsasən keçirilir.

Maddə 7. Əlaqələndirmə mərkəzləri

1. Hər bir Tərəfin Milli Əlaqələndirmə Mərkəzi əlaqələndirmə funksiyalarını yerinə yetirir və bu Saziş çərçivəsində əməkdaşlığın inkişafına yardım göstərir.

2. Tərəflərin əlaqələndirmə mərkəzlərinə eyni zamanda aşağıdakı vəzifələr həvalə edilir:

  •  
    • GUÖAM iştirakçısı olan dövlətlərə, BMT-nin humanitar işlərin əlaqələndirilməsi ofisinə, NATO-un Fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi üzrə Avroatlantika mərkəzinə fövqəladə halların baş verməsi haqqında məlumatın və yardımın göstərilməsi zərurəti haqqında sorğuların göndərilməsi;
    • humanitar yardımın göndərilməsi haqqında təkliflərin alınması və nəzərdən keçirilməsi;
    • daxili prosedurların keçirilməsi, ölkələrin humanitar yardım göstərmək hazırlığı, zəruri maddi vəsaitlərin siyahısının və çatdırma məntəqələrinin dəqiqləşdirilməsi haqqında məlumatın hazırlanması və GUÖAM iştirakçısı olan dövlətlərin milli əlaqələndirmə mərkəzlərinə, BMT-nin humanitar işlərin əlaqələndirilməsi ofisinə, NATO-un Fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi üzrə Avroatlantika mərkəzinə göndərilməsi;
    • daxili prosedurların işlənib hazırlanması, müxtəlif növ nəqliyyat vasitələri ilə yardım göstərilməsi hazırlığına dair cavabın hazırlanması və göndərilməsi;
    • yardımın qəbulunun təşkili, Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq gömrük və sərhəd prosedurlarının işlənib hazırlanması və həyata keçirilməsi;
    • humanitar yardımın daxil olması haqqında məlumatın GUÖAM iştirakçısı olan dövlətlərə, BMT-nin humanitar işlərin əlaqələndirilməsi ofisinə, NATO-nun Fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi üzrə Avroatlantika mərkəzinə göndərilməsi;
    • fövqəladə halların və ya terror aktlarının başa çatması haqqında məlumatın və zərər çəkmiş əhaliyə yardımın göstərilməsinə dair sorğunun hazırlanması və GUÖAM iştirakçısı olan dövlətlərə, BMT-nin humanitar işlərin əlaqələndirilməsi ofisinə, NATO-nun Fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi üzrə Avroatlantika mərkəzinə göndərilməsi;
    • yardımın göstərilməsi haqqında məlumatların hazırlanması və göndərilməsi;
    • bu Sazişin predmeti ilə bağlı digər əlaqələndirmə tədbirləri.

Maddə 8. Ərazilərə çıxış

Bu Saziş çərçivəsində birgə fəaliyyəti həyata keçirmək məqsədilə hər bir Tərəf beynəlxalq hüquqa və müvafiq milli qanunvericiliyə uyğun olaraq onun yurisdiksiyası altında olan ərazilərə, habelə müvafiq müəssisələrə, təşkilatlara və məlumat mənbələrinə, bu Tərəfin təyin edə biləcəyi münasib şərtlərlə çıxışın təmin edilməsinə yardım göstərir.

Maddə 9. Məlumat mübadiləsi

Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq yayılmasına icazə verilməyən məlumat istisna olmaqla, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə edilmiş məlumat, Tərəflər arasında yazılı şəkildə digər qaydada razılaşdırılmayıbsa, Tərəflərin dövlətlərinin qanunvericiliyinə əsasən adi kanallar vasitəsilə dünya ictimaiyyətinə çatdırıla bilər.

Maddə 10. Digər beynəlxalq müqavilələrə münasibət

Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçıları olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.

Maddə 11. Mübahisələrin həlli

Bu Sazişin təfsiri və ya tətbiqinə dair yaranmış istənilən mübahisə Tərəflərin səlahiyyətli orqanları arasında danışıqlar, lazım gəldikdə isə diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.

Maddə 12. Depozitari

Ukrayna Hökuməti bu Sazişin Depozitarisidir.

Maddə 13. Sazişə dəyişikliklər və əlavələr

1. Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə onun ayrılmaz hissəsi sayılan ayrı-ayrı əlavə protokollarla tərtib edilən dəyişikliklər və əlavələr edilə bilər.

2. Protokollar bu Sazişin 14-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minir.

Maddə 14. Yekun müddəalar

1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi haqqında sonuncu yazılı bildirişin bu Sazişin depozitarisi tərəfindən alınması tarixindən sonrakı 30-cu gün qüvvəyə minir.

2. Tərəflərdən hər biri bu Sazişin depozitarisinə bu Sazişin qüvvəsinin ləğv edilməsi haqqında öz niyyəti barədə yazılı bildirişi diplomatik kanallarla göndərərək, həmin Sazişdən çıxa bilər. Bu təqdirdə, belə Tərəf üçün Saziş öz qüvvəsini depozitari tərəfindən müvafiq yazılı bildirişin alınması tarixindən 6 ay sonra qüvvəsini itirir.

3. Bu Sazişin qüvvədən düşməsi, Tərəflər arasında digər qayda razılaşdırılmayıbsa, onun qüvvədə olduğu zaman yaranmış öhdəliklərin yerinə yetirilməsinə təsir etmir.

2003-cü il iyulun 4-də Yalta şəhərində əsli bir nüsxədə ingilis və rus dillərində tərtib edilmişdir, hər iki mətn autentikdir.

Azərbaycan Respublikası Hökuməti adından

Özbəkistan Respublikası Hökuməti adından


(imzalanmayıb)

Gürcüstan İcra Hakimiyyəti adından

Ukrayna Nazirlər Kabineti adından

Moldova Respublikası Hökuməti adından