Beynəlxalq sənədlər

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında 2007-ci il iyulun 29-u və 30-da Əmman şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Geri
1. Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında 2007-ci il iyulun 29-u və 30-da Əmman şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol;

1.3. 2007-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Təhsil, Elm, Mədəniyyət və İncəsənət, Gənclər və İdman, Səhiyyə və Media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram;

1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İordaniya Haşimilər Krallığı Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş;

1.5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İordaniya Haşimilər Krallığının Statistika Departamenti arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş;

1.6. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İordaniya Standartlar və Metrologiya Orqanı (JİSM) arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və digər əlaqəli sahələr üzrə əməkdaşlıq Sazişi;

1.7. Azərbaycan-İordaniya İşgüzar Şurasının təsis olunmasına dair Saziş;

1.8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.9. «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziya və Radio Şirkəti arasında əməkdaşlıq haqqında Saziş;

1.10. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və İordaniya Xəbər Agentliyi (Petra) arasında əməkdaşlıq haqqında Saziş;

1.11. Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Böyük Əmman Bələdiyyəsi (İordaniya Haşimilər Krallığı) arasında dostluq və əməkdaşlıq haqqında Protokol.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamın 1.1-1.11-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 23 noyabr 2007-ci il

№ 2509

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 noyabr 2007-ci il, № 266) ( «VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2007-ci il, № 11 (125), maddə 1152) («VneshExpertService» LLC).


Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti,

hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi fikrini rəhbər tutaraq,

qarşılıqlı maraq, hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanaraq, təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:

a) informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi-tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi;

b) birgə işçi müşavirələrin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi-tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi;

c) Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; Tərəflərin fəaliyyətləri ilə əlaqədar sahələrdə əməkdaşlığın inkişafı;

d) Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması;

e) texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi;

f) zərurət yarandıqda təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; üçüncü tərəfə yardım Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçiriləcəkdir;

g) Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi.

Maddə 2

Bu Sazişin icra edilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə Tərəflər qarşılıqlı əməkdaşlıq üzrə Birgə işçi qrupu yaradaraq (bundan sonra, Birgə işçi qrupu), qrup üzvlərinin sayını tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edirlər.

Bu Saziş qüvvəyə mindikdən sonra Birgə işçi qrupu Tərəflər arasında əməkdaşlıq üzrə Kompleks plan işləyib hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edirlər.

Maddə 3

Bu Sazişin 1-ci və 2-ci maddələri ilə nəzərdə tutulmuş şərtlərin həyata keçirilməsi hər bir konkret hal üçün ayrıca olaraq müəyyən edilir.

Maddə 4

Bu Saziş Tərəflərin iştirakçı olduğu digər çoxtərəfli və ikitərəfli müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

Maddə 5

Tərəflər, bu Sazişin həyata keçirilməsi və təfsiri ilə əlaqədar yarana biləcək mübahisəli məsələləri məsləhətləşmələr və danışıqlar yolu ilə həll edəcəklər.

Maddə 6

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca Protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 7

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən hər biri onun qüvvəsini ləğv etmək niyyəti barədə bu müddətin bitməsinə altı ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərməzsə, Sazişin qüvvəsi növbəti beş illik müddətə uzadılacaqdır.

Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla imzalanmışdır. Bütün mətnlər autentikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası Hökuməti adından

İordaniya Haşimilər Krallığı Hökuməti adından

(imza)

(imza)


Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya haqqında Protokol

Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti,

Razılığa gələn Tərəflərin iqtisadiyyatlarının dinamik şəkildə daimi inkişafını təşviq etmək istəyini əsas tutaraq,

qarşılıqlı fayda və bərabərlik prinsiplərinə əsaslanmaqla, uzunmüddətli və sabit əsasda ticarət, iqtisadi və texniki əməkdaşlığı gücləndirməyi və inkişaf etdirməyi arzulayaraq,

8 noyabr 2006-cı il tarixində imzalanmış «İqtisadi və Texniki Əməkdaşlıq üzrə Saziş»in və «Ticarət Sazişi»nin həyata keçirilməsini arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa gələn Tərəflər «İqtisadi və Texniki Əməkdaşlıq üzrə Saziş»in və «Ticarət Sazişi»nin 8-ci Maddələrinə uyğun olaraq bundan sonra «Komissiya» adlandırılan Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanı təsis edirlər.

Maddə 2

«İqtisadi və Texniki Əməkdaşlıq Sazişi»nin 8-ci Maddəsində nəzərdə tutulan vəzifələrə əlavə olaraq Komissiyanın vəzifələri aşağıdakılardır:

1. Razılığa gələn Tərəflər arasında «Ticarət Sazişi» və «İqtisadi və Texniki əməkdaşlıq üzrə Saziş»in və Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi, texnoloji əməkdaşlıq sahəsində digər Sazişlərin icrası zamanı yaranan məsələlərə baxılması;

2. Ticarət, iqtisadi və texniki əməkdaşlığın sonrakı inkişaf imkanlarının araşdırılması;

3. Əməkdaşlığın bərqərar olunmasına məsləhətləşmələr və İşçi Qrupları vasitəsilə yardım edilməsi;

4. İkitərəfli əməkdaşlıq layihələri ilə əlaqədar yarana bilən iqtisadi, elmi və texniki problemləri qiymətləndirmək və onların həllinə yönələn proqramların işlənib hazırlanması;

5. Qarşılıqlı maraq doğuran problemlər üzrə mütəmadi əsasda informasiya mübadiləsi edilməsi.

Maddə 3

Komissiyaya Sədrlik, Razılığa gələn Tərəflərin Hökumətlərinin Baş nazirinin müavinləri və ya nazirləri tərəfindən həyata keçiriləcəkdir.

Komissiya sədrlərinin müavinləri və icraçı katibləri müvafiq tərəflərin Sədrləri tərəfindən təyin edilirlər.

Maddə 4

1. Komissiya razılaşdırılmış tarixlərdə ən azı iki ildən bir iclaslar keçirəcəkdir;

2. Komissiyanın iclasları növbə ilə Azərbaycan Respublikasında və İordaniya Haşimilər Krallığıda qəbul edən ölkənin Sədrliyi altında keçiriləcəkdir;

3. Komissiya öz iclaslarını təsdiq olunmuş gündəliyə uyğun olaraq keçirəcəkdir;

4. Komissiyanın iclaslarında Razılığa gələn Tərəflərin müxtəlif sahələrdən olan nümayəndələri iştirak edə bilərlər.

5. Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə hər iki tərəfin özəl sektorunun nümayəndələri Komissiyanın iclaslarında iştirak edə bilərlər.

6. Müntəzəm iclasların ilkin gündəliyi məsləhətləşmələr yolu ilə Sədrlər tərəfindən iclas tarixindən ən azı 30 gün əvvəl müəyyən olunacaqdır;

7. İclasda, əvvəlcədən müəyyən olunmuş gündəliyin bəndləri və eyni zamanda Sədrlərin razılığı ilə iclasın başlanğıcında gündəliyə daxil edilə biləcək bəndlər də müzakirə ediləcəkdir.

8. Razılığa gələn Tərəflər Sədrlərdən birinin xahişi ilə Komissiyanın xüsusi iclaslarını keçirə bilər. Razılığa gələn Tərəflərdən birinin təşəbbüsü ilə Sədrlər və ya onların müavinləri arasında xüsusi iclaslar mümkün qədər tez təşkil olunacaqdır.

Maddə 5

1. Komissiyanın iclaslarında qərarlar Razılığa gələn Tərəflərin razılığı ilə qəbul olunacaqdır.

2. Komissiyanın qərarları, digər şəkildə nəzərdə tutulmayıbsa, imzalandığı gündən qüvvəyə minəcəkdir.

3. Təcili məsələlərdə qarşılıqlı razılıq ilə Komissiyanın iclasları arasındakı dövrlərdə Sədrlərin qərarlar qəbul etmək hüququ olacaqdır. Sədrlərin qərarları Komissiyanın növbəti iclasının Protokoluna daxil ediləcəkdir.

4. Sədrlərdən birinin bəyanatına əsasən, müvafiq ölkənin səlahiyyətli orqanları tərəfindən təsdiq olunmalı qərarlar, belə təsdiq haqqında Sədrlərdən birinin bildiriş göndərdiyi tarixdən qüvvəyə minəcəkdir.

5. Komissiya iclaslarının nəticələri və qərarları Sədrlər tərəfindən imzalanacaq Protokollarda öz əksini tapacaqdır.

6. Komissiyanın görüşünün Protokolları autentik olmaqla Azərbaycan və ingilis dillərində tərtib ediləcəkdir və mətnlərin təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Maddə 6

1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiya daimi və müvəqqəti orqanlar, misal üçün alt komissiya, ekspert və ya işçi qrupları təsis edə bilər.

2. Komissiya, öz işini Komissiya tərəfindən təsdiq edilmiş plan və qərarlara əsasən aparacaq daimi və müvəqqəti orqanların vəzifələrini, səlahiyyətlərinin hədlərini və tərkibini müəyyən edəcəkdir.

Maddə 7

Razılığa gələn Tərəflərin Komissiyalarının İcraçı Katibləri müvafiq tərəfin fəaliyyətinin təşkilinə, icraçı orqanların işinin əlaqələndirilməsinə, Komissiya iclasları üçün sənədlərin hazırlanmasına, habelə Komissiyanın fəaliyyəti ilə əlaqədar olan digər təşkilati məsələlərə görə məsuliyyət daşıyacaqlar. Bu məqsədlə İcraçı Katiblər bir-biri ilə daimi əlaqədə olacaqlar.

Maddə 8

Bu Protokola Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığına əsasən dəyişikliklər edilə bilər və belə dəyişikliklər hazırki Protokolun 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.

Maddə 9

Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişi Tərəflərin diplomatik kanallar vasitəsilə mübadilə etdiyi tarixdən qüvvəyə minir.

Bu Protokol 5 (beş) il müddətinə bağlanılır. Əgər həmin müddətin başa çatmasına ən azı 6 (altı) ay qalana qədər Razılığa gələn Tərəflərdən biri digər Razılığa gələn Tərəfə bu Protokolun ləğv edilməsi barədə öz niyyətini bildirməzsə, o hər dəfə avtomatik olaraq növbəti 5 (beş) illik müddətə uzadılır.

Bu Protokolun qüvvəsinin ləğv edilməsi bu Protokolun əsasında Komissiya tərəfindən qəbul edilmiş qərara uyğun olaraq bağlanmış xüsusi müqavilə və ya layihələr və ya fəaliyyətlərin icrasına təsir etməyəcəkdir.

Bu Protokol Əmman şəhərində 29 iyul 2007-ci il tarixində hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Protokolun müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası Hökuməti adından

İordaniya Haşimilər Krallığı Hökuməti adından

(imza)

(imza)


2007-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Təhsil, Elm, Mədəniyyət və İncəsənət, Gənclər və İdman, Səhiyyə və Media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti,

İki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirmək və qüvvətləndirmək niyyəti ilə,

Elm, təhsil, mədəniyyət, səhiyyə, gənclər və idman sahələrində əməkdaşlığı genişləndirməyə səy göstərərək,

2006-cı il 23 avqust tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Sazişə müvafiq olaraq,

Tərəflər 2007-2009-cu illər üçün aşağıdakı İcraedici Proqram barədə razılığa gəldilər:

I. Elm və Təhsil

Maddə 1

Tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlıq edəcəklər:

a) Təhsil sistemi, inkişaf planları və islahatların istiqamətləri barədə məlumat mübadiləsi;

b) Tərəflər üçün xüsusi maraq kəsb edən ixtisaslar üzrə heyətin təlimi;

c) Bütün səviyyələrdən olan təhsil müəssisələri arasında əməkdaşlıq;

d) Birgə elmi tədbir, konfrans, simpozium və gənclər üçün müsabiqələrin təşkili.

Maddə 2

Tərəflər aşağıdakılara xüsusi diqqət yetirməklə hər iki ölkənin əlaqədar elmi-tədqiqat institutları arasında birbaşa əməkdaşlığa yardım edirlər:

a) Birgə elmi-tədqiqat;

b) Mühazirələr oxumaq, elmi seminar və konfranslarda iştirak etmək məqsədilə elmi-pedaqoji heyətin mübadiləsi;

c) Elmi nəşr və məlumatların mübadiləsi.

d) Əlaqədar institutlar birbaşa əlaqə yaratmaqla əməkdaşlıq mövzuları və onların maliyyə şərtlərini hazırlayacaqlar.

Maddə 3

Azərbaycan Tərəfi hər il İordaniya Tərəfinə təqaüdsüz, ödənişsiz tibb, stomotologiya və mühəndislik sahələrində ali təhsil üçün bir neçə yer ayıracaqdır. Yerlərin sayı və təhsilin şərtləri müvafiq təşkilatlar arasında və ya diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.

Maddə 4

İordaniya Tərəfi Azərbaycan Tərəfini hər il aşağıdakılarla təmin edir:

a) Təqaüdsüz, ödənişsiz bir təhsil ili müddətində ərəb dilini öyrənmək üçün təcrübə ilə;

b) Təqaüdsüz, ödənişsiz elmi-tədqiqat təcrübələri ilə.

Təcrübə keçənlərin sayı diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.

II. Mədəniyyət və İncəsənət

Maddə 5

Tərəflər digər dövlətdə müasir və qədim incəsənət sərgiləri təşkil etməyə səy göstərəcəklər. İki ölkənin əlaqədar institutları sərgilərin təşkili üçün ətraflı tədbirlər hazırlayacaqlar.

Maddə 6

Tərəflər digər dövlətdə musiqi proqramları və tamaşalar təşkil etməyə səy göstərəcəklər. Hər iki ölkənin əlaqədar institutları tamaşa və konsertlərin təşkili ilə bağlı tədbirlər hazırlayacaqlar.

Maddə 7

Tərəflər Azərbaycanın və İordaniyanın mədəniyyət müəssisələri arasında arxeologiya, muzeylərin idarəedilməsi, mədəni abidələrin mühafizəsi və qorunması sahəsində birbaşa əməkdaşlığı dəstəkləyəcəklər. Belə əməkdaşlığın şərtləri hər iki ölkənin əlaqədar müəssisələri arasında razılaşdırılacaqdır.

Maddə 8

Tərəflər ən azı bir ay əvvəl müvafiq dəvətnamələri göndərməklə hər iki ölkədə təşkil olunan beynəlxalq festival və müsabiqələrdə qarşılıqlı iştirakı təşviq edəcəklər.

Maddə 9

Tərəflər mütəxəssislərin, nəşr və məlumatın mübadiləsini ehtiva edən milli kitabxanalar arasında əməkdaşlığı dəstəkləyirlər. Tərəflər ədəbiyyat, nəşriyyat və kitabxanaların idarə edilməsi sahəsində birgə təhsil layihələrinin həyata keçirilməsinə səy göstərəcəklər. Belə əməkdaşlığın şərtləri hər iki ölkənin əlaqədar müəssisələri arasında razılaşdırılacaqdır.

Maddə 10

Tərəflər milli arxiv orqanları arasında birbaşa sazişlər əsasında elmi, sosial və hüquqi məqsədlər üçün arxivdən istifadəni, təcrübə, nəşrlərin və mikrofilmlərinmübadiləsinin vacibliyini nəzərə alaraq, arxiv idarəetməsi sahəsində əməkdaşlığa dəstək verəcəklər.

Maddə 11

Tərəflər dövlətlərinin daxili qanunvericilikləri və imzaladıqları beynəlxalq müqavilələrə uyğun olaraq mədəni irsə məxsus olan mədəni əşyaların qanunsuz alverinin qarşısını almağa səy göstərəcəklər.

Maddə 12

Tərəflər öz ölkələrində mədəniyyət həftələrinin və tətbiqi sənət, kitab sərgilərinin və folklor nümayişlərinin təşkilinə səy göstərəcəklər.

III. Gənclər və İdman

Maddə 13

Tərəflər gənclər təşkilatları və idman assosiasiyaları arasında birbaşa əməkdaşlığa yardım edəcəklər.

Maddə 14

Tərəflər uşaq və gənclərin mədəniyyət və təhsili sahəsində birbaşa əməkdaşlığı dəstəkləyirlər.

Maddə 15

Tərəflərin gənclər, təhsil, bədən tərbiyəsi və idman sahələri üzrə nazirlikləri və müəssisələri əməkdaşlığın fəaliyyət dairəsini, formasını, təşkili strukturunu və maliyyə şərtlərini hazırlamaqla birbaşa əməkdaşlıq və dövrü icraedici proqramlarla əlaqədar sazişlər bağlaya bilərlər.

VI. Arxeologiya

Maddə 16

Tərəflər öz ölkələrində nəşr edilən müvafiq elmi ədəbiyyatı mübadilə edəcəklər.

Maddə 17

Tərəflər əntiq əşyalar və muzey işi ilə bağlı elmi mühazirə və konfranslarda belə tədbirlərə dəvətnamələrin çatdırılması şərti ilə iştirakı təşviq edəcəklər.

Maddə 18

Tərəflər hər iki ölkədə arxeoloji və milli irslə bağlı aparıcı mobil sərgilərin təşkilini təşviq edəcəklər.

Maddə 19

Tərəflər tarixi abidələrin bərpası və qorunması sahəsində əməkdaşlığı və hər iki ölkədə müvafiq sərgilərin keçirilməsini təşviq edəcəklər.

Maddə 20

Tərəflər hər iki ölkədə mütəxəssislərin mübadiləsini təşviq edəcəklər. Təfsilatlar diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.

V. Səhiyyə

Maddə 21

Tərəflər hər iki ölkənin səlahiyyətli müəssisələri arasında bağlanmış ayrıca sazişin mövzusu olan səhiyyə və tibb elminin müxtəlif sahələrində təcrübə və məlumat mübadiləsi edəcəklər.

VI. Media

Maddə 22

Tərəflər digər ölkənin kinomatoqrafiyasının beynəlxalq film festivallarında iştirakını və bu ölkələrdə film nümayişlərinin təşkilini dəstəkləyəcəklər. Tərəflər televiziya proqramlarının kommersiya və qeyri-kommersiya mübadiləsinə yardım edəcəklər.

Maddə 23

Tərəflər hər iki ölkənin ictimai televiziya şəbəkələri arasında ikitərəfli əlaqələr yaratmaq istiqamətində fəaliyyət göstərəcəklər.

Maddə 24

Tərəflər media və kommunikasiya sahəsində təcrübə, məlumat, nəşrlər, o cümlədən mütəxəssislərin mübadiləsinə yardım göstərəcəklər. Mübadiləyə aid təfsilatlar Tərəflər arasında bağlanan ayrıca müqavilələrlə tənzimlənəcəkdir.

VII. Şəxslərin mübadiləsi

Maddə 25

Proqram çərçivəsində doktorluq, ali təhsil, elmi tədqiqat təcrübələri üzrə şəxslərin mübadiləsi qısa səfərlər çərçivəsində həyata keçiriləcəkdir.

Maddə 26

Bu proqramda maddə 3 və 4-ə müvafiq olaraq mübadilələrdə iştirak edən şəxslər aşağıdakılarla təmin olunacaqlar:

a) Qəbul edən Tərəf

1) Dövlət Ali məktəblərinə və doktorluq təhsili verən müəssisələrdə ödənişsiz təhsil

2) Tələbə yataqxanalarında ödənişli mənzil.

b) Göndərən Tərəf

1) Otaq və yemək xərclərinin ödənişi

2) Qəbul edən Tərəfin qaydaları xəstəliyə görə müvavinət hüququnu təmin etməzsə, tibbi və bədbəxt hadisələrə qarşı sığorta.

Təqaüd alan və təcrübə keçəcək namizədlərin sənədləri diplomatik kanallar vasitəsilə göndərilir.

VIII. Yekun müddəalar

Maddə 27

Bu Proqram diplomatik kanallar vasitəsilə razılaşdırılma şərtilə, təhsil, elm və mədəniyyət sahəsində olan əməkdaşlığın digər formalarına mənfi təsir etməyəcəkdir.

Maddə 28

Bu Proqram Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Protokol 2009-cu il 31 dekabr tarixinədək qüvvədə qalacaqdır.

Bu proqram 2009-cu il 31 dekabr tarixindən gec olmayaraq yeni proqram qüvvəyə minənədək tətbiq olunacaqdır.

Əmman şəhərində 29 iyul 2007-ci il tarixində Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Hər iki mətn autentikdir. Bu proqramın təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası Hökuməti adından

İordaniya Haşimilər Krallığı Hökuməti adından

(imza)

(imza)


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İordaniya Haşimilər Krallığı Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Səhiyyə Nazirliyi, səhiyyə və tibb elmi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirməyi arzulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər hər bir Tərəfin müvafiq qanunvericiliyinə uyğun olaraq tibb institutları, tibb mərkəzləri və bu sahəyə aid digər qurumlar arasında iki tərəfli əməkdaşlığı inkişaf etdirəcəklər.

Maddə 2

Tərəflər öz ölkələrində tədris seminarları təşkil edəcək və hər bir ölkənin səhiyyəsinin prioritetlərinə əsaslanaraq əlaqədar sahələrin mütəxəssis ekspertlərinin digər ölkəyə səfərini təşkil edəcəklər.

Hər bir Tərəf öz səlahiyyətli nümayəndəsinin digər ölkəyə etdiyi səfərin vaxtını ən azı 15 gün əvvəl bildirəcəkdir.

Maddə 3

Tibb elmi sahələri üzrə əməkdaşlığın inkişafı üçün hər iki tərəfin tibbi cəmiyyətləri hər il dekabr ayının ortalarına qədər keçiriləcək konfransların və iclasların cədvəlini və iş planını təqdim etməlidirlər.

Maddə 4

Tərəflər Tibbi Elmi Tədqiqat İnstitutları arasında əməkdaşlığı dəstəkləyəcəklər. Bura elmi məlumatın, elmi sənədlərin və tədqiqat materiallarının mübadiləsi daxildir. Bu İnstitutların əməkdaşlığa dair illik iş planı öz ölkələrinin Səhiyyə Nazirləri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir.

Maddə 5

Tərəflər öz ölkələrində xəstəxanalar arasında birbaşa əlaqələri möhkəmləndirəcəklər.

Maddə 6

Tərəflər tibbi nəşrlərin və tibbi məlumatların mübadiləsini gücləndirəcəklər.

Maddə 7

Tərəflər dərman preparatları və Əczaçılıq sənayesi sahəsində əməkdaşlıq edəcəklər.

Maddə 8

Epidemik və ya yoluxucu xəstəliklər baş verəcəyi təqdirdə, Tərəflər hər bir Tərəfin vətəndaşlarına ödənişsiz tibbi xidmətlər göstərəcəklər. Hər bir Tərəf öz vətəndaşlarını diaqnoz və müalicə üçün digər Tərəfə göndərə bilər. Göndərən Tərəf bu cür diaqnoz və müalicə ilə bağlı bütün xərcləri ödəyəcəkdir.

Maddə 9

Tərəflər hər iki nazirliyi əməkdaşlığın inkişafı barədə müntazəm olaraq məlumatlandıracaq hər bir Tərəfdən 3 nümayəndənin daxil olduğu birgə işçi qrupu təsis edəcəklər. Bu qrup müntəzəm olaraq Əmmanda və Bakıda görüşəcəkdir.

Maddə 10

Bu Sazişdə nəzərdə tutulmuş fəaliyyətlər hər iki Tərəfin büdcələrində mövcud olar vəsaitlərə uyğun olaraq həyata keçiriləcəkdir.

Bu Sazişin 2-ci və 8-ci maddələrinin müddəalarına uyğun olaraq ekspertlərin iki ölkə arasında səfər xərclərini göndərən Tərəf ödəyəcəkdir.

Qəbul edən tərəf qeyd edilən qaydalara uyğun olaraq yerli nəqliyyat və mehmanxana xərclərini ödəməlidir.

Maddə 11

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 12

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən hər hansı biri onun qüvvəsini ləğv etmək niyyəti barədə bu müddətin bitməsinə ən azı altı ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərməzsə, Sazişin qüvvəsi növbəti beş illik müddətə uzadılacaqdır.

Bu Saziş Əmman şəhərində 30 iyul 2007-ci il tarixində iki əsl nüsxədə hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından

İordaniya Haşimilər Krallığının Səhiyyə Nazirliyi adından

(imza)

(imza)


Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İordaniya Haşimilər Krallığının Statistika Departamenti arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İordaniya Haşimilər Krallığının Statistika Departamenti, gələcəkdə statistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, məlumatların mübadiləsinin genişləndirilməsi və iki dövlət arasında iqtisadi əlaqələrin əks etdirilməsində qarşılıqlı surətdə maraqlıdırlar və aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər dövlət sirri təşkil edən məlumatların qorunmasını və göstəricilərin müqayisəliliyini təmin etməklə, hər iki dövlətin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatların mübadiləsi üzrə statistika sahəsində qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirəcəklər.

Maddə 2

Tərəflər statistikanın aşağıdakı sahələrində əməkdaşlığı həyata keçirəcəklər:

§  ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik nəşrlərin və çap məhsullarının mübadiləsi;

§  statistik müşahidələrin, siyahıya almaların və müayinələrin həyata keçirilməsi, statistik göstəricilər sisteminin yaradılması və istifadə edilməsi üzrə statistik materialların və işləmələrin mübadiləsi;

§  Tərəfin iş təcrübələrinin öyrənilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsi;

§  beynəlxalq statistika və iqtisadi təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak məsələləri üzrə birgə fəaliyyət.

Maddə 3

Əməkdaşlıq bu Sazişin ayrılmaz hissəsi hesab olunan qarşılıqlı razılıq əsasında işlənib hazırlanmış və hər iki statistika təşkilatının rəhbərləri tərəfindən 2 illik dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçiriləcəkdir.

Maddə 4

Əməkdaşlıq prosesində digər tərəfdən alınmış informasiya yalnız bu informasiyanı təqdim edən Tərəfin yazılı razılığı əsasında üçüncü tərəfə verilə bilər. Əməkdaşlıq prosesində alınan informasiya Tərəfin mənafelərinin ziyanına istifadə edilə bilməz.

Maddə 5

Əməkdaşlıq əlaqəsi hər iki Tərəfdən təyin olunmuş vəzifəli cavabdeh şəxslər tərəfindən həyata keçirilir.

Maddə 6

Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Sazişə onun ayrılmaz hissəsi olan və Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 7

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Tərəflərdən biri Sazişə xitam vermək niyyəti barədə diplomatik kanallar vasitəsi ilə yazılı bildiriş təqdim etməklə bu Sazişin qüvvəsinə xitam verə bilər. Saziş belə bilidirişin alındığı tarixdən 6 ay sonra qüvvədən düşmüş hesab edilir.

Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində iki əsl nüsxədə hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər autentikdir.

Bu Sazişin təfsirində fikir ayrılığı yaranacağı təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi adından

İordaniya Haşimilər Krallığının Statistika Departamenti adından

(imza)

(imza)


Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İordaniya Standartlar və Metrologiya Orqanı (JİSM) arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və digər əlaqəli sahələr üzrə Əməkdaşlıq Sazişi

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İordaniya Standartlar və Metrologiya Orqanı (JİSM),

iki dost ölkə arasında gələcəkdə də ikitərəfli əlaqələrin inkişafının vacibliyini nəzərə alaraq, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə və aralarında mövcud olan ticarətdə texniki maneələrin aradan qaldırılmasını hədəf alaraq aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər öz maraqlarını təmin etmək məqsədilə standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və digər əlaqəli sahələrdə inteqrasiyaya nail olmaq üçün elmi-texniki əməkdaşlığa başlayacaqlar.

Maddə 2

Tərəflər arasında əməkdaşlıq hər biri üçün ümumi sahələr olan və xüsusən də aşağıdakıları əhatə edəcək:

1. Hər bir ölkədə tətbiq olunan beynəlxalq, regional, Avropa, İordan və Azərbaycan standartlarının qəbul edilməsi.

2. Beynəlxalq qaydalara və tələblərə əsaslanaraq Akkreditasiya və sertifikatlaşdırma nəticələrinin tanınmasını təsdiqləyən Qarşılıqlı Tanınma Sazişinin (QTS) imzalanmasını məqsəd tutaraq uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı.

3. Hər bir ölkədə yeni standartların hazırlanması zamanı beynəlxalq regional və Avropa standartları əsas kimi götürülməlidir.

4. İordaniya və Azərbaycan bazarlarında satılan mallara uyğunluğun təsdiqlənməsi prosedurlarının qarşılıqlı tanınmasına şərait yaratmaq.

5. Tərəflər müvafiq sahələrdə birinin üzv olduğu beynəlxalq təşkilatlara daxil olmaqda və bu təşkilatların işində iştirak etməkdə digər Tərəfə, lazım olduqda qarşılıqlı köməklik göstərəcəklər.

Maddə 3

Hər iki dövlətin qarşılıqlı göndərilən mallarının standartlarının harmonizə imkanlarını öyrənmək üçün aşağıdakı fəaliyyəti həyata keçirəcəklər.

1. Qarşılıqlı göndərilən malların siyahısının hazırlanması.

2. Qarşılıqlı göndərilən malların standartlarının siyahısının hazırlanması, bu standartların nömrələrinin və maliyyə dəyərinin göstərilməsi.

3. Qarşılıqlı göndərilən prioritet malların standartlarının hazırlanması üçün illik işçi proqramının hazırlanması. Bu illik işçi proqram aşağıdakıları müəyyən edəcək:

§  İordaniyanın və Azərbaycan standartları

§  Standart olmayan malların siyahısı.

Maddə 4

Tərəflər arasında aşağıdakı hallarda əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirəcəklər:

1. Ekspertlərin və təlim iştirakçılarının mübadiləsi.

2. Standartlarla, uyğunluğun qiymətləndirilməsi, metrologiya və akkreditasiya ilə bağlı texniki informasiyanın, sənədlərin, o cümlədən bülletenlərin, təlim kurslarının, statistik göstəricilərin və ümumi informasiyanın mübadiləsi.

3. Standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya və akkreditasiya sahələrində təlim kurslarının, konfransların və iclasların qarşılıqlı təşkili.

4. Kalibrasiya və sınaq fəaliyyəti üzrə laboratoriyaların Qarşılıqlı müqayisələr sxemlərin hazırlanmasında əməkdaşlığın təşkili.

5. Beynəlxalq təcrübəyə uyğun Metrologiya xidmətlərinin təşkili, o cümlədən qanunverici və sənaye metrologiya üzrə fəaliyyətin.

Maddə 5

Bu Sazişin vaxtında həyata keçirilməsi üçün:

1. Tərəflər bu Sazişin icrası vaxtı milli səviyyədə başqa təşkilatlarla koordinasiya işləri apara bilərlər.

2. Tərəflər bu Sazişdə qeyd olunan əməkdaşlıq proqramını həyata keçirmək üçün birgə komitəni yaradırlar. Bu komitənin iclasları İordaniya və Azərbaycanda keçiriləcəkdir.

Maddə 6

1. Tərəflər informasiya mübadiləsinin konfedensiallığını təmin edəcəklər.

2. Tərəflərdən birinin aldığı məlumatların konfedensiallığı haqqında heç bir göstəriş yoxdursa, bu məlumat sərbəst istifadə oluna bilər.

3. Bu məlumat üçüncü tərəfə yalnız təqdim edən tərəfin icazəsi olduqda verilə bilər.

Maddə 7

1. Tərəflərin istəyi ilə başqa sahələri əhatə edən sazişlər hazırlana bilər. Məsələn, Qarşılıqlı Tanınma Sazişi, Əqli Mülkiyyət Hüquqlarının qaydaları, sənəd satışı və s.

Maddə 8

1. Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflər dostluq şəraitində müvafiq məsləhətləşmələr və danışıqlar aparacaqlar.

Maddə 9

1. Bu Saziş Tərəflərin müvafiq dövlət qurumlarının təsdiqindən sonra qüvvəyə minir.

2. Bu Saziş beş il müddətinə bağlanır və avtomatik olaraq növbəti beş illik müddətə uzadılır.

3. Əgər tərəflərdən biri bu Sazişi ləğv etmək arzusunda olarsa, müddətin bitməsinə altı ay qalmış o öz niyyətini bildirməlidir.

4. Bu Sazişin ləğvi onun icrası zamanı qəbul olunmuş sənədlərə, layihələrə və proqramlara xitam vermir.

Bunun təsdiqi olaraq, müvafiq səlahiyyətli orqan tərəfindən səlahiyyətləndirilmiş aşağıda imza atan şəxslər bu Sazişi imzaladılar.

Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla imzalanmışdır. Bütün mətnlər autentikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi adından

İordaniya Standartlar və Metrologiya Orqanı (JİSM) adından

(imza)

(imza)


Azərbaycan—İordaniya İşgüzar Şurasının təsis olunmasına dair Saziş

Azərbaycan Respublikasında və İordaniya Haşimilər Krallığında biznes ictimaiyyətinin maraqlarını və istəklərini nəzərə alaraq və hər iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə ticarət və sənaye sahəsində əməkdaşlığın və birgə investisiya qoyuluşunun təşviq edilməsi, iqtisadiyyatın bütün sektorlarından iş adamlarının birgə fəaliyyətinin təmin edilməsi məqsədilə,

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İordaniya İş Adamları Şurası (bundan sonra—Tərəflər adlandırılan) Azərbaycan—İordaniya İşgüzar Şurasının birgə təsis olunması barədə razılığa gəlirlər:

§  Azərbaycan—İordaniya İşgüzar Şurası Azərbaycan və İordaniya firmaları, təşkilatları və müəssisələri arasında birbaşa biznes əlaqələrinin inkişafına yardım göstərən və iqtisadiyyatın bütün sahələrində onlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətiylə fəaliyyəti həyata keçirən məşvərətçi qeyri-hökumət qurumudur.

§  Tərəflər, İşgüzar Şura çərçivəsində mütəmadi olaraq iqtisadi, ticarət və biznes mühitinə dair informasiya və sahibkarlığa dair təcrübə mübadiləsini təşviq edəcəklər.

§  Tərəflər yarmarka və sərgi fəaliyyətlərinin inkişafında, iqtisadi, texniki və investisiya seminarlarının, simpoziumların, konfransların və ikitərəfli ticarətin, iqtisadi və investisiya əməkdaşlığının, əlavə olaraq turizm fəaliyyətinin təşviqinin genişləndirilməsi məqsədilə digər tədbirlərin təşkilində bir-birilərinə yardım göstərmək üçün fəaliyyətlər həyata keçirəcəklər.

§  Tərəflər sənaye, ticarət, turizm və investisiya sahələrində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi üçün biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilinə yardım göstərəcək və onu təşviq edəcəklər.

Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minəcək və qeyri-müəyyən müddətə qüvvədə olacaqdır.

Bu Saziş onun ləğv edilməsi ilə əlaqədar Tərəflərdən hər hansı birinin yazılı bildirişin tarixindən üç ay sonradan tez olmayaraq qüvvədən düşəcəkdir.

Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində, Azərbaycan və ingilis dillərinda iki əsl nüsxədə imzalanmışdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu adından

İordaniya İş Adamları Şurası adından

(imza)

(imza)


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi hüquq və məhkəmə sahələrində əməkdaşlığın bərqərar olunmasına, inkişafına və möhkəmlənməsinə böyük maraq göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Əməkdaşlığa nail olmaq üçün Tərəflər aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

1) Tətbiq edilən qanunların, nəşrlərin, ədliyyə və hüquq sahələrində ədəbiyyatın və elmi tədqiqatların, hüquqi jurnalların, o cümlədən hər iki Tərəfin ədliyyə sistemi haqqında məlumatların mübadiləsi.

2) Hər iki Tərəfdə təşkil olunan hüquq və ədliyyə sahələrinə aid olan konfrans, habelə simpozium və seminarlarda iştirak.

3) Qanunvericilik və ədliyyə sahələrində yeniliklərin öyrənilməsi məqsədi ilə ədliyyə nümayəndə heyətlərinin səfərlərinin təşviqi.

Maddə 2

Bu Anlaşma Memorandumu Tərəflər arasında əməkdaşlığı təşviq etmək üçün ədliyyə sahəsində əməkdaşlıq haqqında digər Sazişlərin bağlanmasına mane olmur.

Maddə 3

Yazışma və əlaqələr sorğu edən Tərəfin dilində həyata keçirilir və ingilis dilində olan tərcümə ilə müşayiət olunur.

Maddə 4

Hər bir Tərəf digər Tərəfə göndərilə bilən öz nümayəndə heyətinin mehmanxana və yol xərclərini ödəyir.

Maddə 5

Bu Anlaşma Memorandumu hər iki Tərəfin milli qanunvericiliyinə uyğun qaydada qüvvəyə minir və üç il müddətinə qüvvədə qalır və hər bir Tərəf istənilən vaxt yazılı şəkildə diplomatik kanallar vasitəsilə üç ay əvvəlcədən bildiriş göndərməklə onu ləğv etməzsə, avtomatik olaraq həmin müddətə və ya müddətlərə uzadılır. Lakin bu Anlaşma Memorandumunun ləğvi onun qüvvədən düşməsindən əvvəl başlanılmış işlərə təsir göstərmir.

Bunun təsdiqi olaraq aşağıda imza edənlər, onların hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilərək, bu Memorandumu imzaladılar.

Bu Anlaşma Memorandumu Əmman şəhərində 30 iyul 2007-ci il tarixində Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun təfsiri ilə bağlı fikir ayrılığı yarandıqda, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından

İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi adından

(imza)

(imza)


«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziya və Radio Şirkəti arasında əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziya və Radio Şirkəti əməkdaşlıq əlaqələrini möhkəmləndirmək niyyətini ifadə edərək, bu məqsədlə aşağıdakılar barədə razılığa gəlirlər:

Maddə 1

Tərəflər, öz təkliflərinə uyğun olaraq müəllif hüquqları azad olan televiziya proqramlarının qeyri-kommersiya əsasında mübadiləsini aparacaqlar.

Göndərən Tərəf proqramın yazılmasını, göndərmə xərclərini ödəyəcək və göndərilən proqramların ingilis dilindəki mətnlərini əlavə edəcəkdir.

Maddə 2

Tərəflər proqram və materialları yalnız öz ölkələri daxilində və öz televiziyalarının ehtiyaclarına uyğun olaraq istifadə edə bilərlər.

Qəbul edən Tərəf, göndərən Tərəfin yazılı razılığı ilə proqramın orijinal məzmununa və ya proqramın dəyərinə xələl gətirmədən təklif edilən proqramı qısalda və ya redaktə edə bilər.

Tərəflərin qəbul etdikləri proqramları üçüncü Tərəfə satmaq və ya vermək hüququ yoxdur.

Maddə 3

Tərəflər qarşılıqlı razılıq əsasında televiziya sahəsi üzrə mütəxəssislərin mübadiləsini apara bilərlər.

Maddə 4

Tərəflər, televiziya yaradıcı qruplarına və jurnalistlərə unilateral proqramların montajında və yayımında lazımi kömək göstərəcəklər.

Göstərilən xidmətlərə görə qəbul edən Tərəf xərclərlə bağlı fakturaları, CİRAP—EBU tariflərinə uyğun olaraq, göndərən Tərəfə təqdim edəcək; belə fakturalar alındığı gündən 15 gün ərzində ödənilməlidir.

Xidmət xərclərini Tərəflər öncədən razılaşdıracaqlar.

Maddə 5

Göndərən Tərəf digər Tərəfə təyin olunmuş vaxtdan iki həftə əvvəl öz çəkiliş qrupunun səfər tarixini bildirməli, onların gündəliyi, texniki tələbləri haqqında məlumat verməlidir.

Bu vaxt ümumi rəsmi səfərlərə və siyasi hadisələrə aid edilmir.

Maddə 6

Mübadilə edilən proqramların müəlliflik hüququ proqramı göndərən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun müəyyənləşdiriləcək.

Maddə 7

Göndərilən proqram və ya materialın istifadəsi ilə bağlı müəlliflik hüququ üçün ödəniş tələb olunarsa, göndərən Tərəf alan Tərəfi vaxtında məlumatlandırmalıdır. Materialların göndərilmə xərcini göndərən tərəf ödəyir, alan tərəf isə materialın qəbul xərclərini ödəyir.

Maddə 8

Tərəflər hər iki tərəfin maraqlarına uyğun mövzuda müştərək proqramlar hazırlanması imkanlarını nəzərdən keçirəcəklər.

Müştərək proqramların hazırlanması üçün konkret şərtlər və aspektlər ayrı müqavilələrlə müəyyən ediləcək.

Maddə 9

Bu Sazişin həyata keçirilməsində yarana biləcək mübahisələr danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll ediləcək.

Maddə 10

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca Protokollarla rəsmiləşdirilən və Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 11

Bu Saziş imzalandığı gündən qüvvəyə minir və 3 il müddətinə etibarlıdır.

Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsi ilə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti üç il müddətinə uzadılacaqdır.

Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırki Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti adından

İordaniya Televiziya və Radio Şirkəti adından

(imza)

(imza)


Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və İordaniya Xəbər Agentliyi (Petra) arasında əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və İordaniya Xəbər Agentliyi (Petra),

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı xalqları arasında dostluq əlaqələri çərçivəsində, iki ölkə arasında informasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək yönündə qarşılıqlı istəyə əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər müntəzəm olaraq bir-birinə ingilis dilində ödənişsiz və qarşılıqlı razılıq əsasında İnternet vasitəsilə informasiya göndərəcəkdir.

Maddə 2

Tərəflər biri-birinə aldıqları xəbərlərdən istifadə etmək və onları qeyri-kommersiya əsasında yaymaq hüququ verirlər və Tərəflər bir-birinin xəbərlərindən istifadə edərkən, xəbərin mənbəyini aydın göstərəcək, onun məzmununu və faktları dəyişməyəcəklərini təsdiq edirlər.

Maddə 3

Tərəflər lazımi foto-informasiya materiallarını elektron poçtla bir-birinə göndərməyi öhdələrinə götürürlər.

Maddə 4

Tərəflərin hər biri digər Tərəfdən öz ölkəsində baş verən mühüm hadisələr barədə əlavə informasiya göndərməyi xahiş edə bilər. Tərəflər bu cür xahişləri ödənişsiz əsaslarla yerinə yetirirlər.

Maddə 5

Tərəflər öz ölkələrində bir-birinin müxbirlərinin, yaxud digər əməkdaşlarının fəaliyyəti üçün lazım olan köməyi göstərəcəklər.

Maddə 6

Tərəflər jurnalistlərin və başqa mütəxəssislərin qarşılıqlı mübadiləsini təşviq edirlər. Bu cür mübadilənin şərtləri Tərəflərin məktubu əsasında əvvəlcədən müəyyən ediləcəkdir.

Maddə 7

Bu Saziş bir il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Tərəflərdən hər hansı biri bu müddətin başa çatmasına ən azı iki ay qalmış Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsi ilə yazılı bildiriş təqdim etməzsə, Sazişin qüvvəsi növbəti bir il müddətinə uzadılacaqdır.

Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində, Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı olduqda, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

Azərbaycan Dövlət Teleqraf Agentliyi adından

İordaniya Xəbər Agentliyi adından

(imza)

(imza)


Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Böyük Əmman Bələdiyyəsi (İordaniya Haşimilər Krallığı) arasında dostluq və əməkdaşlıq haqqında Protokol

Bundan sonra Tərəflər adlandırılacaq Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Əmman Bələdiyyəsi,

şəhərlər arasında əlaqələrin iki ölkə xalqlarının dostluğuna, qarşılıqlı anlaşmaya və dünyada sülhün qorunmasına xidmət edəcəyinə inanaraq,

ölkələri arasında mövcud olan dostluq əlaqələrinin, çoxsahəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və birbaşa əlaqələr üçün əlverişli şəraitin yaradılmasına çalışaraq,

paytaxt şəhərlərin ümumi problemlərinin həlli təcrübəsinin mübadiləsinə mühüm əhəmiyyət verərək,

şəhərlər arasında qarşılıqlı tanıtma və anlaşmanın inkişafına yardım etməyi arzu edərək,

aşağıdakı bəndlər barədə razılığa gəldilər:

1) Tərəflər Bakı və Əmman şəhərləri arasında dostluq və əməkdaşlığı öz dövlətlərinin milli qanunvericiliklərinə və ənənələrinə, Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasındakı beynəlxalq müqavilələrə uyğun olaraq, bərabərlik, tərəfdaşlıq və qarşılıqlı fayda əsasında həyata keçirəcəklər.

2) Tərəflər arasında dostluq əlaqələri və əməkdaşlıq əsasən onların şəhərlərinin sakinlərinin maraqlarına uyğun olaraq, ilk növbədə, qarşılıqlı tanıtma, şəhərlərin idarə edilməsi, eləcə də şəhər infrastrukturuna aid sahələrdə yaradılaraq inkişaf etdiriləcəkdir.

3) Şəhərlər arasında əlaqələr şərtləri və tərkibi qarşılıqlı razılaşma əsasında hazırlanmış əməkdaşlıq proqramları və Tərəflərin ayrı-ayrı təklifləri əsasında həyata keçiriləcəkdir.

4) Tərəflərin qarşılıqlı razılığı əasında bu protokola onun ayrılmaz hissəsi olan və 5-ci bəndinə uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

5) Bu Protokol beş il müddətinə bağlanılır və imzalandığı tarixdən qüvvəyə minir.

Tərəflərdən biri bu müddətin başa çatmasına ən azı altı ay qalmış onun qüvvəsini ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsi ilə bildirməzsə, bu Protokolun qüvvəsi növbəti beşillik müddətlərə uzadılacaqdır.

Bu Protokol Əmman şəhərində 30 iyul 2007-ci il tarixində Azərbaycan, ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər autentikdir. Bu Protokolun təfsiri zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti adından

Böyük Əmman Bələdiyyəsi adından

(imza)

(imza)