Beynəlxalq sənədlər

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani

Geri

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında 2015-ci il aprelin 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2015-ci il

              № 531

 

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə

Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və

Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların

idarə olunması sahəsində əməkdaşlıq haqqında

ANLAŞMA MEMORANDUMU

 Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu,

hər iki ölkə arasında mövcud dostluq əlaqələrim və əməkdaşlığı nəzərə alaraq və onların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi niyyəti ilə, təbii və texnogen xarakterli fəlakətlərin səbəb olduğu zərərləri dərk edərək, aşağıdakılar barədə razılığa gəlirlər:

Maddə 1

Məqsəd

Öz qanunvericiliklərinə müvafiq olaraq, Tərəflər fövqəladə halların və böhranların idarə olunması və onların nəticəsində meydana gələn zərərlərin azaldılması sahəsində məlumat və təcrübə mübadiləsini həyata keçirirlər.

Maddə 2

Əməkdaşlıq sahələri

Qanunvericiliklərinə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər:

1. informasiya, dövri mətbuat, elmi materiallar, tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi;

2. birgə ekspert iclaslarının, seminarların, konfransların, təlim kurslarının planlaşdırılması və keçirilməsi, tədqiqat planlarının aparılması;

3. Tərəflərin tədris müəssisələrində mütəxəssislər üçün təlim kurslarının təşkil edilməsi, ekspertlərin, təlimçilərin, alimlərin, mütəxəssislərin, könüllülərin və digər əməkdaşların mübadiləsi;

4. Tərəflərin səlahiyyətinə aid olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

5. humanitar və sosial məqsədlər üzrə birgə texniki layihələrin hazırlanması və həyata keçirilməsi;

6. əvvəlcədən razılıq əsasında, təcrübə qazanmaq məqsədilə könüllü olaraq Tərəflərin nümayəndələrinin iki ölkədən hər hansı birinin ərazisində baş vermiş fövqəladə hal, böhran və ya fəlakətlərin idarə olunmasında iştirakının təmin edilməsi;

7. Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətlərin həyata keçirilməsi.

Maddə 3

Xərclər

Bu Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərdən və əməkdaşlıqdan irəli gələn xərclər Tərəflər arasında əvvəlcədən razılaşdırılacaqdır.

Maddə 4

Səlahiyyətli orqanlar

Bu Anlaşma Memorandumunun tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsi Tərəflərin aşağıda adları qeyd olunan orqanları tərəfindən həyata keçiriləcəkdir:

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

- Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu.

Səlahiyyətli orqanlar ikitərəfli əməkdaşlıq sahələrinin əlaqələndirilməsi, kommunikasiyası və həyata keçirilməsi üzrə cavabdeh olan bir və ya bir neçə əlaqə ünvanı təyin edirlər. Səlahiyyətli orqanlar əlaqə ünvanlarının fasiləsiz fəaliyyətinə zəmanət verirlər.

Tərəflər səlahiyyətli orqanlarında baş verən hər hansı dəyişiklik barədə təcili olaraq diplomatik kanallar vasitəsilə bir-birlərini məlumatlandırırlar.

Maddə 5

Əlavə və dəyişikliklər

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişiklik edilə bilər. Həmin əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında hazırlanır və onun 6-cı Maddəsinin müddəalarına müvafiq olaraq qüvvəyə minir.

Maddə 6

Qüvvəyəminmə və xitam verilmə

Bu Anlaşma Memorandumu, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alınması tarixindən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu 2 (iki) illik müddətə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı 6 (altı) ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılacaqdır. Bu Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən 3 (üç) ay sonra öz qüvvəsini itirir.

Bu Anlaşma Memorandumu Bakı şəhərində 2 aprel 2015-ci il tarixində, iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.