Beynəlxalq sənədlər

“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Geri

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2012-ci il martın 30-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il

№ 395-IVQ

Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında

Saziş

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti,

hər iki xalq arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsinə səy göstərərək,

mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlığın Tərəflərin dövlətlərinin rifahına və milli təhlükəsizliyinə yardım edəcəyini etiraf edərək,

fövqəladə halların Tərəflərin dövlətləri üçün daşıdığı təhlükəni dərk edərək,

mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin Tərəflərin dövlətləri üçün faydasını nəzərə alaraq,

Tərəflərdən birinin öz qüvvə və vasitələri ilə aradan qaldırması mümkün olmayan fövqəladə halların baş verməsi ehtimalını və fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması üçün hər iki dövlətin əlaqələndirilmiş fəaliyyətinə ehtiyac olduğunu nəzərə alaraq,

fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların rolunu nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Bu Sazişdə istifadə olunan terminlər

 

Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir.

 

“sorğu göndərən Tərəf” – yardım dəstəsinin və ya ekspertlərin, müvafiq avadanlıq və təminat materiallarının göndərilməsi barədə sorğu ilə digər Tərəfə müraciət edən Tərəf;

“sorğu alan Tərəf” – yardım dəstəsinin və ya ekspertlərin, müvafiq avadanlıq və təminat materiallarının göndərilməsi barədə Sorğu göndərən Tərəfin sorğusunu yerinə yetirən Tərəf;

“səlahiyyətli orqan” – bu Sazişin həyata keçirilməsi ilə bağlı işlərə rəhbərlik etmək və onları əlaqələndirmək üçün Tərəflərin hər birinin təyin etdiyi dövlət orqanı;

“yardım dəstəsi” – yardım göstərilməsi üçün təyin edilmiş və fövqəladə hal baş vermiş ərazidə işlərin aparılması üçün lazımı təchizatı ilə təmin olunmuş Sorğu alan Tərəfinin təsis edilmiş mütəxəssislər dəstəsi;

“ekspert” – sorğu göndərən Tərəfin ərazisinə yardım göstərilməsi üçün sorğu alan Tərəfinin müəyyən sahəsində ixtisaslaşdırılmış mütəxəssis;

“fövqəladə hal” – qəzalar, təbii və texnogen hadisələr, təbii və ya digər fəlakətlər nəticəsində insan itkisinə, insanların sağlamlığına və ya ətraf mühitə zərərə, əhəmiyyətli dərəcədə maddi itkilərə, habelə insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olan və səbəb ola biləcək müəyyən ərazidə yaranmış vəziyyət;

“fövqəladə halın xəbərdar edilməsi” – fövqəladə hal baş verməsi riskinin maksimum dərəcədə azaldılmasına, habelə insanların sağlamlığının qorunub saxlanılmasına, ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına yönəldilmiş kompleks tədbirlər;

“fövqəladə halın aradan qaldırılması” – fövqəladə hal baş verməsi zamanı görülən, insanların həyatının xilas edilməsinə və sağlamlıqlarının qorunub saxlanılmasına, ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına, həmçinin fövqəladə halın lokallaşdırılmasına, onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin dayandırılmasına yönəldilmiş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

“fövqəladə hal ərazisi” – fövqəladə halın baş verdiyi ərazi;

“qəza-xilasetmə işləri” – fövqəladə hal zonasında insanların, maddi və mənəvi sərvətlərin xilas edilməsi, ətraf mühitin qorunması, fövqəladə halın lokallaşdırılması və onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin aradan qaldırılması və ya mümkün qədər minimuma endirilməsi ilə bağlı fəaliyyətlər;

“avadanlıq” – materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstəsinin və ya ekspertlərin təchizatı, o cümlədən xidməti itlər, yardım dəstəsi üzvlərinin və ya ekspertlərin şəxsi ləvazimatları, dərmanları və tibbi avadanlıq;

“təminat materialları” – fövqəladə hal nəticəsində zərər çəkmiş əhali arasında təmənnasız olaraq paylanmaq üçün nəzərdə tutulan maddi vasitələr.

 

Maddə 2

Səlahiyyətli orqanlar

 

Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər səlahiyyətli orqanlarını təyin edirlər:

Azərbaycan tərəfindən – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi.

Qırğız tərəfindən – Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyi

Tərəflərin səlahiyyətli orqanlarında və ya onların adlarında dəyişiklik olduğu təqdirdə, Tərəflər bir-birini diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar edirlər.

 

Maddə 3

Əməkdaşlığın formaları

 

Bu Sazişə müvafiq olaraq bütün fəaliyyətlər Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir və hər bir Tərəfin zəruri vasitələrinin mövcudluğu ilə şərtləndirilir. Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakıları nəzərdə tutur:

təhlükəli texnogen və ekoloji proseslərin, təbiət hadisələrinin monitorinqinin təşkili və həyata keçirilməsi;

təbii və texnogen xarakterli fövqəladə halların monitorinqi və proqnozlaşdırılması üzrə müntəzəm məlumat mübadiləsi;

əhalinin fövqəladə hallar zamanı fəaliyyətə, o cümlədən ilkin tibbi yardımın göstərilməsinə hazırlığının təşkili üzrə təcrübə mübadiləsi;

fövqəladə halların aradan qaldırılması zamanı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin təşkili və əlaqələndirilməsi;

sənaye qəzaları, bədbəxt hadisələr və təbii fəlakətlər nəticəsində mümkün çirklənmələr ilə əlaqədar təbii ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi;

təbii fəlakətlərin xəbərdar edilməsi və aradan qaldırılması;

elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyat və tədqiqat işlərinin nəticələrinin mübadiləsi;

məlumat, dövri nəşrlər, metodiki və digər ədəbiyyatlar, video və foto materialların və texnologiyaların mübadiləsi;

birgə nəşrlərin və hesabatların hazırlanması;

mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində digər Tərəfin təhsil müəssisələrində mütəxəssislərin hazırlanması, təcrübə keçənlərin, müəllimlərin, alimlərin və mütəxəssislərin mübadiləsi;

səlahiyyətli orqanları arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi;

yardım dəstəsinin və ya ekspertlərin avadanlıqla təmin olunması üzrə qarşılıqlı yardımın göstərilməsi;

fövqəladə halların aradan qaldırılması üzrə qarşılıqlı yardımın göstərilməsi;

fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində səlahiyyətli orqanlarla razılaşdırılmış digər fəaliyyət növləri.

 

Maddə 4

Müəssisələr və təşkilatlar arasında əməkdaşlıq

 

Tərəflər mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində fəaliyyət göstərən dövlət qurumları və Tərəflərin dövlətlərinin digər təşkilatlar arasında əməkdaşlığa yardım edirlər.

 

Maddə 5

İşçi qrupu

 

Bu Sazişin müddəalarının yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə işçi qrupu yaradır (bundan sonra İşçi qrupu adlandırılacaq).

İşçi qrupunun tərkibini, iş qaydasını və məqsədlərini səlahiyyətli orqanlar müəyyən edirlər.

 

Maddə 6

Yardımın göstərilməsi

 

Yardım sorğu edən Tərəfin fövqəladə halın xarakteri, zəruri yardımın növü, həcmi və müddəti haqqında məlumatın göstərildiyi yazılı sorğusu əsasında göstərilir.

Sorğu alan Tərəf ən qısa zaman ərzində sorğunu nəzərdən keçirir və yardımın göstərilməsi mümkünlüyü, həcmi və şərtləri barədə sorğu göndərən Tərəfi məlumatlandırır.

Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı yardım dəstələrinin və ya ekspertlərin həmin dəstələrin rəhbərləri vasitəsilə idarə edilməsini həyata keçirir.

 

Maddə 7

Yardımın növləri

 

Fövqəladə halların aradan qaldırılması zamanı yardım dəstələrinin və ya ekspertlərin, müvafiq avadanlıq və materialların göndərilməsi ilə və ya digər tələb olunan formaya uyğun olaraq göstərilir.

Yardım dəstələri və ya ekspertləri fövqəladə hal ərazisində qəza-xilasetmə işləri həyata keçirirlər.

Sorğu göndərən Tərəf sorğu alan Tərəfin yardım dəstələrinin və ekspertlərinin rəhbərlərini fövqəladə hal baş verən ərazidə və müəyyən iş sahələrində yaranan vəziyyət barədə məlumatlandırır və zərurət olduğu halda, bu dəstələri tərcüməçilər və rabitə vasitələri ilə təmin edir, həmçinin təhlükəsizliyi və təmənnasız tibbi xidməti təmin edir və onların fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Yardım dəstələrinin avadanlığı fövqəladə hal ərazisində 72 saat ərzində müstəqil fəaliyyətləri aparmaq üçün kifayət etməlidir. Avadanlıq ehtiyatının bitməsi halında sorğu göndərən Tərəf göstərilən dəstələri lazımi avadanlıqla təmin edir.

 

Maddə 8

Yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin dövlət sərhədini keçmə şərtləri və onların sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalma rejimi

 

Yardım dəstələrinin üzvləri və ya ekspertlər sorğu göndərən Tərəfin dövlət sərhədini beynəlxalq gediş-gəliş üçün açıq olan buraxılış məntəqələrindən şəxsiyyətlərini müəyyən edən sənədlərlə keçirlər. Dəstənin rəhbərində yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin siyahısı və sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən və onun səlahiyyətini təsdiq edən sənəd olmalıdır.

Yardım dəstələrinin üzvləri və ya ekspertləri sorğu göndərən Tərəfin dövlətinin ərazisində olduğu müddət ərzində həmin dövlətin milli qanunvericiliyinə riayət etməlidirlər. Bununla yanaşı, onlar əmək qanunvericiliyi və bununla bağlı məsələlər üzrə sorğu alan Tərəfin dövlətinin tabeliyində qalırlar. Yardım dəstələrinin və ya ekspertlərin tərkibinə daxil olan hərbi heyətə sorğu alan Tərəfin dövlətinin əmək münasibəti və sosial-iqtisadi zəmanət baxımından hərbi qulluqçunun statusunu tənzimləyən qanunvericiliyi şamil edilir.

Yardım dəstələrinin və ya ekspertlərin yerdəyişməsi, onların avadanlığının və təminat materiallarının daşınması avtomobil, dəmir yolu, su və ya hava nəqliyyat vasitələri ilə həyata keçirilir.

Yardımın göstərilməsi üçün qeyd olunan nəqliyyat növlərindən istifadə qaydası müvafiq dövlət orqanları ilə razılaşması əsasında səlahiyyətli orqanlar tərəfindən müəyyən edilir.

 

Maddə 9

Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi üçün avadanlıqların və təminat materiallarının gətirilməsi və aparılması

 

Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi üçün sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilən və sorğu alan Tərəfin dövlətinin ərazisindən aparılan avadanlıqlar və təminat materialları gömrük rüsumlarından və digər vergilərdən azad edilir.

Avadanlığın və təminat materiallarının gömrük rəsmiləşdirilməsi prioritet qaydada və sadələşdirilmiş şəkildə səlahiyyətli orqanların verdiyi və yardım dəstələrinin üzvlərinin və ya ekspertlərin tərkibi, gətirilən və ya aparılan avadanlığın və təminat materiallarının siyahısı göstərilən bildirişlər əsasında həyata keçirilir.

Yardım dəstələrinə və ya ekspertlərə avadanlıq və təminat materiallarından başqa hər hansı bir əşyanın gətirilməsi qadağan edilir.

Yardımın göstərilməsi üzrə işlər başa çatdıqdan sonra gətirilən avadanlıq sorğu göndərən Tərəfin dövlətinin ərazisindən çıxarılmalıdır. Hər hansı bir səbəbdən avadanlığın çıxarılması mümkün olmadığı təqrirdə, o razılaşdırılmış şərtlərlə yardım şəklində təmənnasız olaraq sorğu göndərən Tərəfin səlahiyyətli orqanına verilə bilər. Bu halda sorğu göndərən Tərəfin səlahiyyətli orqanına verilən avadanlığın növü, sayı və yerləşdiyi yeri göstərilməklə məlumat verilməlidir.

Zərərçəkənlərə təcili tibbi yardımın göstərilməsi zərurəti yarandığı halda, sorğu göndərən Tərəfin dövlətinin ərazisinə lazımı miqdarda tərkibində narkotik, psixotrop maddələr və prekursorlar olan dərman preparatları gətirilə bilər. Bu halda yardım dəstəsinin və ya ekspertlərin rəhbəri sorğu göndərən və sorğu alan Tərəflərin gömrük orqanlarına nomenklaturası və miqdarı göstərilməklə tərkibində narkotik, psixotrop maddələr və prekursorlar olan dərman preparatlarının mövcudluğu barədə Bəyannamə təqdim edir.

Qeyd olunan dərman preparatları sorğu göndərən Tərəfinə verilməməlidir və yalnız ixtisaslaşdırılmış tibbi heyətin və həmin Tərəfin nümayəndələrin nəzarəti altında istifadə olunur.

Tərkibində narkotik, psixotrop maddələr və prekursorlar olan istifadə olunmamış dərman preparatları bu dərman preparatlarının nomenklaturasını və miqdarını təsdiq edən sənədlərin əsasında sorğu göndərən Tərəfin gömrük nəzarəti altında ölkədən çıxarılmalıdır. Sorğu göndərən Tərəfin gömrük orqanlarına istifadə olunmuş tərkibində narkotik, psixotrop maddələr və prekursorlar olan dərman preparatlarından istifadəsi barədə yardım dəstəsinin rəhbəri və həkimi tərəfindən imzalanmış və sorğu göndərən Tərəfin səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təsdiq edilmiş Bəyannamə təqdim olunur.

 

Maddə 10

Hava gəmilərindən istifadə edilməsi

 

Sorğu alan Tərəfin səlahiyyətli orqanı hava gəmilərinin növü və fərqlənmə nişanları, marşrutu, ekipaj üzvlərinin sayı, yüklərin xarakteri və uçuş və eniş vaxtı və yeri göstərilməklə yardımın göstərilməsi üçün hava gəmilərindən istifadə etmək qərarı barədə sorğu göndərən Tərəfin səlahiyyətli orqanını məlumatlandırır.

Sorğu göndərən Tərəf öz dövlətinin ərazisində müəyyən olunmuş məntəqəyə uçuşa icazə verir.

Təcili yardım göstərilməsi və qoşunların və vasitələrin səlahiyyətli orqanının hava gəmisi ilə bir dövlətin ərazisindən başqa dövlətin ərazisinin müəyyən olunmuş sahəsinə operativ göndərilməsi məqsədilə səlahiyyətli orqanlar müəyyən edilmiş qaydada və Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq hava gəmilərdən istifadə şəraiti barədə əlavə təlimat və fövqəladə halların aradan qaldırılması zamanı hava gəmilərinin sərhəd keçirilməsi prosedurlarının sadələşdirilməsi üzrə hər Tərəfin dövlət orqanlarının(sərhəd, gömrük, fito-sanitar, karantin xidməti) nümayəndələrinin qarşılıqlı əlaqə mexanizmi işlənib hazırlayır və uyğunlaşdırır.

Uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Tərəflərin dövlətlərinin müəyyən olunmuş qaydalarına uyğun olaraq həyata keçirilir.

 

Maddə 11

Xərclərin ödənilməsi

 

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, sorğu göndərən Tərəf yardımın göstərilməsi ilə bağlı xərcləri sorğu alan Tərəfə ödəyir.

Sorğu göndərən Tərəf istənilən vaxt öz yardım barədə sorğusunu geri götürə bilər, amma bu halda sorğu alan Tərəf öz çəkdiyi xərclərinin geri ödənilməsi hüququna malikdir.

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, xərclərin ödənilməsi sorğu alan Tərəfin bu barədə tələbinin daxil olması tarixindən 30 iş gün müddətində həyata keçirilir.

Sorğu alan Tərəf yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin sığortasını təmin edir. Sığortanın rəsmiləşdirilməsi üzrə xərclər yardımın göstərilməsi üzrə ümumi xərclərə daxil edilir.

Sorğu alan Tərəf hava gəmilərinin uçuşu, yerə enməsi, aerodromda dayanması və oradan havaya qalxması, eləcə də aeronaviqasiya xidmətlərinə görə ödənişlərdən azaddır.

Sorğu göndərən Tərəfin hava gəmilərinin yanacağı və texniki xidmətin xərclərinin ödənilməsi barədə məsələ hər bir konkret halda ayrı-ayrılıqda həll ediləcəkdir.

 

Maddə 12

Ziyanın ödənilməsi

 

Sorğu alan Tərəfin yardım dəstəsinin üzvü və ya eksperti bu Sazişin həyata keçirilməsi ilə bağlı olan işlərin yerinə yetirilməsi zamanı sorğu göndərən Tərəfin ərazisində fiziki və ya hüquqi şəxsə zərər vurduğu təqdirdə sorğu göndərən Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq bu zərəri özü ödəyir.

Sorğu alan Tərəfin yardım dəstəsinin üzvü və ya eksperti yardımın göstərilməsi ilə birbaşa əlaqəsi olmayan fəaliyyət nəticəsində sorğu göndərən Tərəfin dövlətinin ərazisində fiziki və ya hüquqi şəxsə hər hansı zərər yetirərsə, sorğu alan Tərəf sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bu zərəri özü ödəyir.

Zərər sorğu alan Tərəfin yardım dəstəsinin üzvünün bilərəkdən və ya kobud etinasızlığı səbəbindən meydana gəlirsə zərərin ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.

 

Maddə 13

Məlumatların istifadə olunması

 

Bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunmuş məlumat Tərəflərin səlahiyyətli orqanları tərəfindən başqa cür razılaşdırılmadığı təqdirdə, Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq yayılması yol verilməyən məlumatlar istisna olmaqla adi qaydada və hər bir Tərəfin göstərişi əsasında nəşr və istifadə olunur.

 

Maddə 14

Mübahisələrin həlli

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları Tərəflərin səlahiyyətli orqanları arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.

 

Maddə 15

Digər beynəlxalq müqavilələrə münasibət

 

Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

 

Maddə 16

Əlavə və dəyişikliklərin edilməsi

 

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və 17-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

 

Maddə 17

Yekun müddəalar

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş qeyri müəyyən müddətə bağlanır və Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etdiyi vaxtdan etibarən 6 (altı) ay müddətində qüvvədə qalır.

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, hazırkı Sazişin ləğv edilməsi onunla əlaqədar həyata keçirilən artıq başlanmış, lakin onun qüvvədən düşməsi vaxtına qədər başa çatdırılmamış fəaliyyətə təsir etməyəcək.

Bakı şəhərində 2012-ci il 30 mart tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, Qırğız və rus dillərində olmaqla imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə rus dilindəki mətndən istifadə ediləcəkdir.