Beynəlxalq sənədlər

“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Geri

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” 2012-ci il aprelin 27-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il

№ 397-IVQ

 

 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ BOLQARISTAN RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA FÖVQƏLADƏ HALLAR SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA

SAZİŞ

 

Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti,

təbii və texnogen xarakterli fövqəladə halların transsərhəd xarakterinin getdikcə artmasını, bu cür fövqəladə hallar ilə bağlı məsələlərin beynəlxalq əməkdaşlıq vasitəsilə öz vaxtında və səmərəli həllinə olan ehtiyacı və bu sahədə hər iki dövlətin birgə səylərinin əlaqələndirilməsinin vacibliyini nəzərə alaraq;

Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə və iştirakçısı olduğu ikitərəfli və çoxtərəfli beynəlxalq hüquqi sənədlərə uyğun olaraq;

onların BMT-nin məqsəd və prinsiplərinə sadiqliyini təsdiqləyərək, BMT-nin fövqəladə halların qarşısının alınması və nəticələrinin yumşaldılması üzrə cəhdlərini və bu sahədə qəbul olunmuş beynəlxalq sənədləri xatırlayaraq;

fəlakətlərə cavab verilməsi və fəlakət zamanı yardımın təmin olunması zamanı beynəlxalq və qeyri-hökumət təşkilatlarının əhəmiyyətini vurğulayaraq;

BMT, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatların və forumların fövqəladə hallar zamanı yardımın təmin olunması üzrə cəhdlərini dəstəkləyərək;

BMT-nin və digər beynəlxalq təşkilatların apardığı təhlillərin bu cür hallara olan artan zəifliyi göstərdiyini və davamlılıq yaratmaq məqsədi ilə qarşısınıalma və erkən xəbərdarlıqdan bərpa etməyə qədər fövqəladə halların idarə edilməsinin bütün səviyyələrinə kompleks yanaşmaya çağırdığını yada salaraq;

fəlakətlərin qarşısının alınması, hazırlıq və cavabvermə sahəsində çevik qarşılıqlı əməkdaşlığın həyatları xilas edə bildiyini, o cümlədən ətraf mühitin mühafizəsinə və sosial-iqtisadi inkişafa təkan verdiyini və Razılığa gələn Tərəflərin dövlətlərinin və onların vətəndaşlarının sabitliyini dəstəklədiyini anlayaraq;

Razılığa gələn Tərəflərin təbii fəlakətlərdən və texnogen qəzalardan mühafizə sahəsində əməkdaşlığının qarşılıqlı faydalı olduğuna və hər iki dövlət arasında dostluq əlaqələrini daha da gücləndirdiyinə, fövqəladə halların xəbərdar edilməsinə səbəb olduğuna və bu mənada hər iki Tərəfin təhlükəsizliyinə və inkişafına öz töhfəsini verəcəyinə olan əminliyi rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Sazişin mövzusu

 

Bu Saziş fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab vermə sahəsində əməkdaşlığın, o cümlədən, Razılığa gələn Tərəflərin hər hansı birinin ərazisində baş vermiş fəlakət zamanı qarşı Tərəfə könüllü yardımın göstərilməsi şərtlərinin və prosedurlarının ümumi çərçivəsini müəyyən edir.

 

Maddə 2

Təriflər

 

Bu Sazişin məqsədləri üçün istifadə edilən terminlər aşağıdakı kimi başa düşülür:

fövqəladə hal - əhali, ətraf mühit və ya mülkiyyətə mənfi təsir göstərən və ya göstərə biləcək hər hansı bir vəziyyət;

fəlakət - xüsusi tədbirlər görülməsini, xüsusi təyinatlı qüvvələrin iştirakını və xüsusi mənbələrdən istifadə edilməsini tələb edəcək miqyasda olan, insanların həyatı, mülkiyyət və ya ətraf mühit üçün təhlükə yaradan və ya təsir edən təbiət hadisələri, qəzalar, yanğınlar və ya digər fəlakətlərin səbəb olduğu hadisə və ya hadisələr ardıcıllığı;

yardım üçün müraciət edən tərəf - 3-cü maddənin 2-ci bəndində qeyd edildiyi kimi, səlahiyyətli qurumları digər Razılığa gələn Tərəfə yardım üçün yazılı sorğu göndərən Tərəf;

yardım göstərən tərəf - 3-cü maddənin 2-ci bəndində qeyd edilən səlahiyyətli qurumlan sorğu göndərən Tərəfə yardım göstərən Razılığa gələn Tərəf;

xilasetmə dəstəsi - yardım göstərən Tərəfin xüsusi təlim keçmiş və müvafiq avadanlıqlarla, xilasetmə itləri və yardım ləvazimatları ilə təmin edilmiş qeyri-hərbi ekspertlər dəstəsi;

avadanlıq - materiallar, texnika və nəqliyyat vasitələri, dərmanlar və tibbi avadanlıqlar, yardım dəstəsinin üzvlərinin və/və ya ekspertlərin şəxsi əşyaları;

yardım ləvazimatları - yardım göstərən Tərəfin yardım üçün müraciət edən Tərəfin fəlakətə məruz qalmış əhalisinə təmənnasız olaraq verdiyi əşyalar və vasitələr.

 

Maddə 3

Səlahiyyətli orqanlar və əlaqə ünvanları

 

1. Bu Sazişin həyata keçirilməsi üçün Razılığa gələn Tərəflər qanunvericiliklərinə uyğun olaraq, öz səlahiyyətli orqanları vasitəsilə əməkdaşlıq edəcəklər.

2. Bu Saziş çərçivəsində aşağıda qeyd olunan orqanlar səlahiyyətli orqanlar təyin edilirlər:

- Azərbaycan Respublikası Hökuməti adından - , Fövqəladə Hallar Nazirliyi;

- Bolqarıstan Respublikası Hökuməti adından - Daxili İşlər Nazirliyi.

3. Bu Sazişin həyata keçirilməsi zamanı bu maddənin 2-ci bəndində qeyd olunan Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına dərhal birbaşa olaraq əlaqə saxlamaq səlahiyyəti verilir.

4. Səlahiyyətli orqanlar fövqəladə hallar zamanı xəbərdarlıq və məlumat mübadiləsi məqsədi ilə bir və ya bir neçə əlaqələndirici şəxs təyin edəcəklər. Səlahiyyətli orqanlar əlaqə ünvanlarının fasiləsiz fəaliyyətini təmin edəcəklər.

5. Razılığa gələn Tərəflər səlahiyyətli orqanlarda və ya əlaqə ünvanlarında baş vermiş hər hansı dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə yazıl şəkildə dərhal məlumatlandıracaqlar.

 

Maddə 4

Əməkdaşlıq sahələri və formaları

 

1. Qanunvericiliklərinə uyğun olaraq, Razılığa gələn Tərəflər öz səlahiyyətləri çərçivəsində aşağıdakı sahələrdə əməkdaşlıq edəcək və bir-birinə yardım göstərəcəklər:

a) fəlakət və digər fövqəladə hal zamanı və ya onların baş verməsi təhlükəsi zamanı sorğu əsasında könüllü yardımın göstərilməsi və məlumatın təmin edilməsi;

b) xilasetmə dəstələrinin avadanlıq ilə təchiz edilməsi;

c) elmi, texniki və hüquqi məlumatın, metodoloji və digər ədəbiyyatın, video və foto materialların mübadiləsi;

d) yanğın təhlükəsizliyi, xilasetmə və mülki müdafiə sahəsində elmi cəhətdən həyata keçirilə bilən elmi-tədqiqat tapşırıqlarının işlənilib hazırlanması, məhsulların və ekspertlərin fəaliyyətlərinin sınaqdan keçirilməsi üzrə təcrübə və səmərəli əməli fəaliyyətin mübadiləsi;

e) birgə ekspert görüşlərinin, sessiyaların, seminarların və konfransların təşkil edilməsi və keçirilməsi;

f) qarşılıqlı əsasda ekspertlərin və xilasetmə dəstələrinin təlimlərinin təşkil edilməsi və keçirilməsi;

g) Razılığa gələn Tərəflərin hər birinin sorğusu əsasında birgə təhsil proqramlarının təşkil edilməsi, o cümlədən, müvafiq təlim mərkəzlərindən və institutlardan olan ekspertlərin və məşqçilərin mübadiləsi;

h) elmi tədqiqatların genişləndirilməsi, birgə layihələrin modelləşdirilməsi, planlaşdırılması, işlənilib hazırlanması və onlarda iştirak;

i) fəlakət və fövqəladə hallar zamanı cəmiyyətin məlumatlılığının artırılmasına istiqamətləndirilmiş tədbirlərin həyata keçirilməsi;

j) yanğınsöndürmə və qarşısınıalma, həmçinin yanğınların məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin planlaşdırılması, təşkili və həyata keçirilməsi.

2. 3-cü maddənin 2-ci bəndinə əsasən, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları digər əməkdaşlıq formaları yarada və Tərəflərin qanunvericiliklərinə uyğun olaraq işçi qrupları təsis edə bilərlər.

3. Razılığa gələn Tərəflər fəlakət zamanı bir-birinə öz imkanları daxilində yardım göstərəcəklər.

4. Tərəflər başqa şəkildə razılaşmadığı təqdirdə, ekspertlərin mübadiləsi ilə bağlı xərcləri göndərən Tərəf ödəyəcəkdir;

5. Bu Sazişin məqsədlərinə nail olmaq üçün zəruri olan avadanlıqların, materialların, digər vasitələrin və xidmətlərin mübadiləsi Razılığa gələn Tərəflərin hər birinin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcəkdir.

 

Maddə 5

Protokollar

 

Bu Saziş çərçivəsində fəal əməkdaşlığı təmin etmək üçün Razılığa gələn Tərəflər bu Sazişin ayrılmaz tərkib hissəsi olan protokollar tərtib edəcəklər.

 

Maddə 6

Əməkdaşlıq və könüllü yardımın göstərilməsi prosedurları

 

1. Bu Sazişin 4-cü maddəsinə əsasən, Razılığa gələn Tərəflər arasında əməkdaşlıq ingilis dilində olan yazılı sorğu əsasında həyata keçirilir.

2. Sorğuda yardım üçün müraciət edən ölkədə baş vermiş fəlakətin və ya fövqəladə halın növü, miqyası, yeri, vaxtı və hazırkı vəziyyəti, fəlakətin və ya fövqəladə halın öhdəsindən gəlmək üçün artıq görülmüş və görülməsi planlaşdırılan işlər haqqında məlumat, xilasetmə dəstələri və/və ya ekspertlər, avadanlıq, həmçinin digər yardım ləvazimatları baxımından tələb olunan yardımın növü və prioritetlik dərəcəsi qeyd olunur;

3. Fövqəladə hal zamanı sorğu şifahi şəkildə ünvanlana bilər, lakin 24 saat ərzində yazılı şəkildə təsdiq olunmalıdır;

4. Sorğu göndərilən Razılığa gələn Tərəf mövcud vasitələri və qanunvericiliyinə uyğun olaraq sorğuya cavab verir.

5. Yardım xilasetmə dəstələrinin və/və ya ekspertlərin göndərilməsi, zərərçəkənlərin ehtiyacları üçün mənbələrin təmin edilməsi yolu ilə göstərilə bilər.

6. Yardım üçün göndərilən xilasetmə dəstələri və/və ya ekspertlər, o cümlədən avadanlıqlar və yardım ləvazimatları quru, hava və ya su yolu ilə göndərilə bilər.

7. Sorğu göndərən Tərəfə bütün nəqliyyat xərclərini yardım göndərən Tərəf ödəyəcəkdir.

 

Maddə 7

Xilasetmə dəstələrinin və/və ya ekspertlərin sərhədkeçmə prosedurları və ölkədə qalma qaydaları

 

1. Yardım üçün müraciət edən Tərəf yardım göstərən tərəfin xilasetmə dəstələrinin və/və ya ekspertlərinin sərhəddi keçməsini asanlaşdırmaq üçün bütün mümkün tədbirləri həyata keçirəcəkdir.

2. Xilasetmə dəstəsinin rəhbəri yardım üçün müraciət edən Tərəfin sərhəd nəzarət rəsmisinə ingilis dilində tərtib edilmiş və yardım göstərən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiq edilmiş aşağıdakı sənədləri təqdim edir:

a) xilasetmə dəstələrinin və/və ya ekspertlərin imkanlarının və onların yardım üçün müraciət edən Tərəfin ərazisinə gəliş məqsədinin qeyd olunduğu, Tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış standart formada doldurulmuş sənədi;

b) xilasetmə dəstəsinin üzvlərinin və/və ya ekspertlərin siyahısı və avadanlıqların və avtomobillərin siyahısını;

c) yardım ləvazimatlarının siyahısını.

3. Sürücülər öz nəqliyyat vasitələrinə uyğun olan sürücülük vəsiqələrini və onların qeydiyyat sertifikatlarını təqdim edirlər.

4. 6-cı maddənin 2-ci bəndində qeyd olunmuş sənədləri və etibarlı olan şəxsiyyəti təsdiq edən sənədləri təqdim etdikdən sonra yardım üçün müraciət edən Tərəfin müvafiq dövlət orqanlarının rəsmiləri milli qanunvericiliyə və/və ya bağlanılmış ikitərəfli müqavilələrə uyğun olaraq xilasetmə dəstəsinin üzvlərini və/və ya ekspertlərini ölkədə qalmaq üçün viza və ya rəsmiləşdirmə ilə təmin edirlər.

5. Xilasetmə dəstələrinin xilasetmə itləri ilə birgə yardım üçün müraciət edən Tərəfin sərhədini keçməsi və orada qalması proseduru həmin Tərəfin elan etdiyi karantin müddətinə uyğun olaraq müəyyən edilməlidir.

6. Xilasetmə dəstəsinin üzvləri yardım üçün müraciət edən Tərəfin ərazisində uniforma geyinə bilərlər. Yardım göstərən Tərəfin xilasetmə dəstələri yardım üçün müraciət edən Tərəfin ərazisində istifadə etdiyi avtomobillərində xüsusi fərqləndirici nişanlardan istifadə edə bilərlər.

 

Maddə 8

Avadanlıqların və yardım ləvazimatlarının sərhəddən keçirilməsi

 

1. Razılığa gələn Tərəflər, avadanlıqların və yardım ləvazimatlarının sərhəddən keçirilməsi prosedurlarını sadələşdirəcəklərinə zəmanət verirlər.

2. Xilasetmə dəstəsinin üzvlərinə və ya yardım üçün göndərilən digər şəxslərə yardım üçün müraciət edən Tərəfin ərazisində silah və ya sursat gəzdirməyə icazə verilmir.

3. Malların sərhəddən keçirilməsinə tətbiq edilən məhdudiyyətlər və qadağalar bu Sazişdə nəzərdə tutulmuş avadanlıqlara və yardım ləvazimatlarına şamil edilmir. İstifadə zamanı məhv olmadığı təqdirdə, avadanlıq yardım göstərən Tərəfə geri qaytarılır və ya yardım ləvazimatı kimi yardım üçün müraciət edən tərəfdə saxlanılır. Yardım ləvazimatı kimi saxlanılan hər hansı avadanlıq xilasetmə dəstəsinin rəhbəri tərəfindən həmin avadanlığın növü, kəmiyyəti və yeri qeyd olunmaqla təfərrüatı protokolda qeyd edilir və yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiq edilir. Sözügedən orqanlar missiya başa çatdıqdan sonra həmin protokolu gömrük nəzarəti rəsmilərinə təqdim etməklə səlahiyyətli gömrük xidmətlərini xəbərdar etməlidirlər.

4. Həmin şərtlər tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının yardım üçün müraciət edən Tərəfin ərazisinə gətirilməsi və onların istifadə olunmayan hissəsinin yardım göstərən Tərəfə geri qaytarılması hallarına da aid edilir. Malların belə idxal-ixracı beynəlxalq sazişlərə uyğun olaraq, tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının idxalı və ixracı kimi qəbul edilə bilməz. Bu dərmanlar yalnız tibbi müalicə məqsədi ilə lazımi miqdarda gətirilir və yardım üçün müraciət edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, ixtisaslı tibbi heyət tərəfindən istifadə edilir. Belə halda xilasetmə dəstəsinin rəhbəri tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının nomenklaturası və kəmiyyəti əks olunan bəyannaməni sərhəd rəsmilərinə təqdim etməlidir. İstifadə edilməmiş dərmanlarla bağlı isə xilasetmə dəstəsinin rəhbəri tərəfindən akt hazırlanmalı və yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiq edilməli və missiya başa çatdıqdan sonra gömrük nəzarəti rəsmilərinə təqdim edilməlidir.

5. Yardım üçün müraciət edən Tərəf yuxarıda qeyd edilmiş dərmanların, avadanlığın və yardım ləvazimatlarının istifadəsinə və saxlanılmasına nəzarət edə bilər.

 

Maddə 9

Hava gəmilərindən istifadə olunması

 

1. Hava gəmiləri bu Saziş çərçivəsində xilasetmə dəstələrinin və/və ya ekspertlərin cəld nəql edilməsi, o cümlədən fəlakət və ya fövqəladə hal zamanı yardımın təmin olunması üçün istifadə edilə bilər.

2. Hava gəmisinin uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sənədlərinə və Razılığa gələn Tərəflərin qanunvericiliklərinə müvafiq olaraq həyata keçiriləcəkdir.

3. Yuxarıdakı bənddə qeyd edilmiş hava gəmiləri digər Razılığa gələn Tərəfin ərazisi üzərindən uçuş yerinə yetirə, həmçinin beynəlxalq hava limanlarından və qeydiyyata alınmış uçuş-enmə zolaqlarından kənarda, Mülki Aviasiya Administrasiyası Baş Direktorluğu tərəfindən müəyyən edilən yerlərdə Bolqarıstan Respublikasının Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə müvafiq qaydada hər bir hal üçün uçuşların həyata keçirilməsi qaydalarına riayət etməklə yerə enə və havaya qalxa bilər.

4. Xilasetmə əməliyyatları zamanı hava gəmilərindən istifadə hava gəmisinin növü və qeydiyyat nömrəsi, ekipajı, yükü, yola düşmə vaxtı, marşrutu və eniş yeri ilə bağlı dəqiq məlumat təmin edilməklə, dərhal bu maddənin 3-cü bəndində qeyd edilən orqanlara bildirilməlidir.

5. Bu Sazişin 7-ci maddəsi hava gəmisinin ekipajına və nəql edilən xilasetmə dəstəsinin üzvlərinə də şamil edilir.

6. Bu Sazişin 8-ci maddəsi təyyarəyə, daşınan avadanlıq və digər yardım ləvazimatlarına da şamil edilir.

7. Hava gəmisinin sərhədi keçməsi və gömrük nəzarəti yardım üçün müraciət edən Tərəfin sərhəd və gömrük nəzarəti rəsmiləri tərəfindən sözügedən hava gəmisinin eniş yerində həyata keçiriləcəkdir.

8. Hərbi hava gəmisindən yardım üçün müraciət edən Tərəfin təcili yazılı razılığı ilə istifadə edilə bilər.

 

Maddə 10

Fəlakət zamanı yardım əməliyyatlarının və ya digər fövqəladə halların əlaqələndirilməsi və idarə olunması

 

1Fəlakət və ya digər fövqəladə hal zamanı yardım əməliyyatlarının əlaqələndirilməsi və idarə olunması üçün yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanı məsuliyyət daşıyır.

2. Yardım üçün müraciət edən Tərəf xilasetmə dəstələrinin rəhbərlərini və/və ya ekspertləri fəlakət zonasında və fəaliyyət üçün müəyyən edilmiş ərazilərdə vəziyyətin inkişafı barədə məlumatlandıracaq və lazım olan yerlərdə tərcüməçilər və əməliyyat baş qərargahları ilə əlaqə saxlamaq üçün rabitə vasitələri təmin edəcəkdir.

3. Xilasetmə dəstələri və/və ya ekspertlər fəlakət zonasına çatdıqdan sonra 24 saat ərzində sərbəst şəkildə müstəqil fəaliyyət qabiliyyətinə malik olmalıdır.

 

Maddə 11

Fəlakət zamanı yardım əməliyyatları ilə bağlı xərclər

 

1. Yardım göstərən Tərəfin yardım üçün müraciət edən Tərəfdən göstərilmiş köməyə görə hər hansı ödəniş tələb etmək hüququ yoxdur. Avadanlığın zədələnməsi və ya itməsi yardım üçün müraciət edən Tərəfin rəsmilərinin və ya vətəndaşlarının kobud səhvi səbəbindən baş vermədiyi təqdirdə, bu, avadanlığın istifadəsi, zədələnməsi və ya itməsi zamanı meydana çıxan xərclərə də aid edilir.

2. Beynəlxalq sənədlər və mexanizmlər çərçivəsində yardım xərclərinin tam və ya qismən ödənildiyi hallarda bu Maddənin 1-ci bəndi tətbiq edilməyəcəkdir.

3. Yardım üçün müraciət edən Tərəf öz istəyi və yardım göstərən Tərəfin vasitəçiliyi ilə hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatları ilə bağlı xərcləri özü ödəyir.

4. Yardım üçün müraciət edən Tərəf yardım göstərən Tərəfin göndərdiyi xilasetmə dəstələrinin üzvlərinin və/və ya ekspertlərin mümkün miqdarda tibbi müalicəsini, həmçinin missiyaları müddətində maddi-texniki yardımla təmin edəcəkdir. Bu məqsədlə xilasetmə dəstələrinin üzvləri və/və ya ekspertlər yardım üçün müraciət edən tərəfin ərazisində qaldıqları müddət ərzində müalicə və xəstəxanada yatmaq xərclərini əhatə edən sağlamlıq sığortasına malik olacaqlar.

 

Maddə 12

Yardımdan imtina

 

1. Əgər hər hansı bir Razılığa gələn Tərəfin səlahiyyətli orqanları müəyyən sorğunun yerinə yetirilməsinin onun müstəqillik hüquqlarına, milli təhlükəsizliyinə və ya digər əhəmiyyətli maraqlarına ziyan vurduğunu və ya təhlükə altına aldığını və ya daxili qanunvericiliyi pozduğunu hesab edirsə, onlar əməkdaşlıqdan və ya onun həyata keçirilməsi üçün şəraitin yaradılmasından tam və ya qismən etiraz edə bilər.

2. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları dərhal yazılı şəkildə səbəblər göstərilməklə, sorğunun yerinə yetirilməsindən tam və ya qismən imtina qərarı barəsində məlumatlandırılmalıdırlar.

 

Maddə 13

Məlumatın, materialların, texniki avadanlıqların üçüncü ölkələrə təqdim edilməsi

 

Bu Sazişin həyata keçirilməsi zamanı əldə olunan məlumat, materiallar, informasiya və texniki avadanlıqların üçüncü tərəfə verilməsi onları təmin edən Razılığa gələn Tərəflərin əvvəlcədən yazılı razılığı əsasında həyata keçirilir.

 

Maddə 14

Məsuliyyət

 

1. Razılığa gələn Tərəflərdən birinin rəsmi şəxsləri digər Razılığa gələn Tərəfin ərazisində fəaliyyət göstərdiyi zaman, ikinci - özünün milli qanunvericiliyinə uyğun olaraq - fəaliyyətləri müddətində hər iki tərəfin səbəb olduğu ziyanlara görə məsuliyyət daşıyır.

2. Bu maddənin 1-ci bəndində qeyd olunan ziyan kobud etinasızlıq və ya qəsdən qeyri-qanuni davranış səbəbindən meydana gəlmişdirsə, ev sahibi olan Razılığa gələn Tərəf göndərən Razılığa gələn Tərəfdən zərərçəkmiş şəxslər və ya onların səlahiyyət verdikləri şəxslər üçün göndərilmiş məbləği ödəməyi tələb edə bilər.

 

Maddə 15

Rəsmi şəxslərin statusu

 

Bu Saziş əsasında digər Razılığa gələn Tərəfin ərazisində fəaliyyət göstərən rəsmi şəxslər onlar tərəfindən və ya onlara qarşı törədilən cinayətlər zamanı ərazisində fəaliyyət göstərdikləri Razılığa gələn Tərəfin rəsmi şəxsləri kimi qəbul edilirlər.

 

Maddə 16

Kompensasiyalar

 

Digər Razılığa gələn Tərəfin ərazisində fəaliyyət göstərən dəstə üzvlərinin ölməsi və ya zədə alması halında, kompensasiya xərclərini yardım üçün müraciət edən Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq özü ödəyir.

 

Maddə 17

Fəlakət və ya yardım əməliyyatları zamanı rabitə

 

Bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində qeyd olunmuş səlahiyyətli orqanlar fəlakət zamanı yardım əməliyyatlarının yerinə yetirildiyi yerdə xilasetmə dəstələrinin və/və ya ekspertlərin ehtiyacları üçün etibarlı rabitə əlaqəsinin qurulması məqsədilə bütün lazımi tədbirləri görəcəklər.

 

Maddə 18

Fəlakət zamanı yardım əməliyyatlarının dayandırılması

 

Xilasetmə dəstələri və/və ya ekspertlər yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanlarının yazılı sorğusu əsasında öz fəaliyyətlərini dərhal dayandıracaqlar.

 

Maddə 19

Mübahisəli məsələlərin həlli

 

Bu Sazişin həyata keçirilməsi zamanı meydana çıxa biləcək və səlahiyyətli orqanlar arasında danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisəli məsələ diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.

 

Maddə 20

Digər beynəlxalq müqavilələr

 

Bu Saziş Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

 

Maddə 21

Yekun müddəalar

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alınması tarixindən etibarən qüvvəyə minir.

2. Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər Sazişin qüvvəyə minməsi qaydası ilə qüvvəyə minəcək və Sazişin ayrılmaz tərkib hissəsi olacaqdır.

3. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa gələn Tərəflərdən hər hansı biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfi diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar etməklə, Sazişi ləğv edə bilər. Saziş digər Razılığa gələn Tərəfin belə bildirişi aldığı tarixdən 6 (altı) ay sonra öz qüvvəsini itirir.

Hazırkı Saziş Bakı şəhərində 2012-ci il 27 aprel tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, bolqar və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.