Beynəlxalq sənədlər

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Geri

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2015-ci il mayın 19-da Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

№ 1312-IVQ

 

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,

iki xalq arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsinə səy göstərərək,

fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlığın Tərəflərin dövlətlərinin rifahına və milli təhlükəsizliyinə kömək göstərəcəyini qəbul edərək,

təbii və texnogen xarakterli fövqəladə halların Tərəflərin dövlətləri üçün daşıdığı təhlükəni dərk edərək,

fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin Tərəflərin dövlətləri üçün faydasını nəzərə alaraq, Tərəflərdən birinin öz qüvvə və vasitələri ilə aradan qaldırması mümkün olmayan fövqəladə halların baş verməsi ehtimalını və fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması üçün hər iki dövlətin əlaqələndirilmiş fəaliyyətinə olan ehtiyacı nəzərə alaraq,

fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların rolunu nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Anlayışlar

 

Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir: sorğu göndərən Tərəf - yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə sorğu ilə digər Tərəfə müraciət edən Tərəf;

sorğu alan Tərəf - yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə digər Tərəfin sorğusunu yerinə yetirən Tərəf;

səlahiyyətli orqan - bu Sazişin həyata keçirilməsi ilə bağlı işlərə rəhbərlik etmək və onları əlaqələndirmək üçün Tərəflərin hər birinin təyin etdiyi dövlət orqanı;

yardım dəstəsi - yardım göstərilməsi üçün təyin edilmiş və fövqəladə hal ərazisində fəaliyyət göstərmək üçün lazımi təchizatla təmin olunmuş sorğu alan Tərəfin mütəxəssislər dəstəsi;

fövqəladə hal - insan tələfatına, insanların sağlamlığına və ya təbii ətraf mühitə zərərə, əhəmiyyətli dərəcədə maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş və ya ola biləcək qəza, texnogen və təbii fəlakətlər, təbii və ya digər bədbəxt hadisələr nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət;

fövqəladə halın xəbərdar edilməsi - fövqəladə halın baş verməsi riskinin mümkün qədər azaldılmasına, habelə onların baş verməsi halında insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunub saxlanılmasına, təbii ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına yönəldilmiş və vaxtında yerinə yetirilən kompleks tədbirlər;

fövqəladə halın aradan qaldırılması - fövqəladə halın baş verməsi zamanı həyata keçirilən və insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunub saxlanılmasına, təbii ətraf mühitə dəyən ziyanın və maddi itkilərin miqdarının azaldılmasına, həmçinin fövqəladə hal ərazisinin lokallaşdırılmasına və onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin dayandırılmasına yönəldilmiş qəza-xilasetmə işləri və digər təxirəsalınmaz işlər;

fövqəladə hal zonası - fövqəladə halın baş verdiyi ərazi;

qəza-xilasetmə işləri - fövqəladə hal zonasında insanların həyatının xilas edilməsi və sağlamlığının qorunması, maddi və mənəvi sərvətlərin, təbii ətraf mühitin mühafizəsi, fövqəladə halların lokallaşdırılması və onun üçün xarakterik olan təhlükəli amillərin aradan qaldırılması və ya mümkün qədər minimuma endirilməsi ilə bağlı fəaliyyət;

avadanlıq - materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstəsinin təchizatı, o cümlədən xidməti itlər, yardım dəstəsi üzvlərinin şəxsi ləvazimatları, dərmanları və tibbi avadanlıq;

təminat materialları - fövqəladə hal nəticəsində zərər çəkmiş əhali arasında təmənnasız olaraq paylanmaq üçün nəzərdə tutulan maddi vasitələr.

 

Maddə 2

Səlahiyyətli orqanlar

 

Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər səlahiyyətli orqanlar təyin edirlər:

Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

Özbəkistan tərəfindən - Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi.

Tərəflərin səlahiyyətli orqanlarında və ya onların adlarında dəyişiklik olduğu təqdirdə, Tərəflər bu barədə bir-birini diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar edirlər.

 

Maddə 3

Əməkdaşlığın formaları

 

Bu Sazişə müvafiq olaraq, fəaliyyət Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir və hər bir Tərəfin zəruri vasitələrinin mövcudluğu ilə şərtləndirilir. Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakıları nəzərdə tutur:

təhlükəli texnogen və ekoloji proseslərin, təbiət hadisələrinin monitorinqinin təşkili və həyata keçirilməsi;

təbii və texnogen xarakterli fövqəladə halların monitorinqi və proqnozlaşdırılması barədə məlumat mübadiləsi;

əhalinin fövqəladə hallar zamanı fəaliyyətə hazırlığının təşkili, o cümlədən ilkin tibbi yardımın göstərilməsi üzrə təcrübə mübadiləsi;

fövqəladə halların aradan qaldırılması zamanı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin təşkili və əlaqələndirilməsi;

sənaye qəzaları, bədbəxt hadisələr və təbii fəlakətlər nəticəsində mümkün çirklənmələrlə əlaqədar təbii ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi;

elmi tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyatın və tədqiqat işlərinin nəticələrinin mübadiləsi;

məlumatın, dövri nəşrlərin, metodiki və digər ədəbiyyatın, video və foto materialların, həmçinin fövqəladə halların xəbərdar edilməsi, baş verməsi və aradan qaldırılması sahəsində texnologiyaların mübadiləsi:

birgə konfransların, seminarların, iş iclaslarının, təlim və məşqlərin təşkili; birgə nəşrlərin və hesabatların hazırlanması;

fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində digər Tərəfin təhsil müəssisələrində mütəxəssislərin hazırlanması, stajçıların, müəllimlərin, alimlərin və mütəxəssislərin mübadiləsi;

səlahiyyətli orqanlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi; yardım dəstəsinin avadanlıqla təmin olunmasında qarşılıqlı yardım göstərilməsi;

fövqəladə halların aradan qaldırılmasında qarşılıqlı yardım göstərilməsi; fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində səlahiyyətli orqanlar tərəfindən razılaşdırılmış digər fəaliyyət.

 

Maddə 4

Müəssisələr və təşkilatlar arasında əməkdaşlıq

 

Ehtiyac olduğu təqdirdə, Tərəflər fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində fəaliyyət göstərən dövlət müəssisələri və təşkilatları, hüquqi və fiziki şəxslər arasında əməkdaşlığa yardım edirlər.

 

Maddə 5

İşçi qrup

 

Bu Sazişin müddəalarının yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üçün Tərəflər fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradırlar (bundan sonra - işçi qrup).

İşçi qrupun tərkibi, iş qaydası və vəzifələri Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilir.

 

Maddə 6

Yardım göstərilməsi

 

Yardım sorğu edən Tərəfin fövqəladə halın xarakteri, zəruri yardımın növü, həcmi, yeri və göstərilmə müddəti haqqında məlumatın verildiyi yazılı sorğusu əsasında göstərilir.

Sorğu alan Tərəf ən qısa zamanda sorğunu nəzərdən keçirir və yardım göstərilməsinin mümkünlüyü, həcmi və şərtləri barədə sorğu göndərən Tərəfi məlumatlandırır.

Yardım dəstələrinə rəhbərliyi bu dəstələrin rəhbərləri vasitəsilə sorğu göndərən Tərəfin səlahiyyətli orqanı həyata keçirir.

 

Maddə 7

Yardımın növləri

 

Fövqəladə halların aradan qaldırılması zamanı yardım yardım dəstələrinin, müvafiq avadanlıq və təminat materiallarının göndərilməsi və ya digər tələb olunan formada göstərilir.

Yardım dəstələri fövqəladə hal zonasında qəza-xilasetmə işlərini həyata keçirir.

Sorğu göndərən Tərəf sorğu alan Tərəfin yardım dəstələrinin rəhbərlərini fövqəladə hal zonasında və müəyyən iş sahələrində yaranan vəziyyət barədə məlumatlandırır və zərurət olduğu halda, bu dəstələri tərcüməçilər və rabitə vasitələri ilə təmin edir, həmçinin təhlükəsizliklərini, təmənnasız tibbi xidmətlərini təmin edir və onların fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir.

Yardım dəstələrinin avadanlığı fövqəladə hal zonasında 72 saat ərzində müstəqil fəaliyyət göstərmək üçün kifayət etməlidir. Tərəflər arasında başqa şəkildə razılaşdırılmadığı təqdirdə, avadanlıq ehtiyatının bitməsi halında sorğu göndərən Tərəf göstərilən dəstələri fəaliyyətini davam etdirməsi üçün lazımi avadanlıqla təmin edir.

 

Maddə 8

Yardım dəstəsi üzvlərinin dövlət sərhədini keçmə şərtləri və onların

sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalma qaydası

 

Yardım dəstələrinin üzvləri sorğu göndərən Tərəfin dövlət sərhədini beynəlxalq gediş-gəliş üçün açıq olan buraxılış məntəqələrindən, Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə müəyyən olunmuş pasportlarla keçirlər. Dəstənin rəhbərində yardım dəstəsi üzvlərinin siyahısı və sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən və onun səlahiyyətini təsdiq edən sənəd olmalıdır.

Yardım dəstələrinin üzvləri sorğu göndərən Tərəfin dövlətinin ərazisində olduqları müddət ərzində bu dövlətin qanunvericiliyinə riayət etməlidirlər. Bununla yanaşı, onlar əmək qanunvericiliyi və bununla bağlı məsələlər üzrə sorğu alan Tərəfin dövlətinin tabeliyində qalırlar. Yardım dəstələrinin tərkibinə daxil olan hərbi heyətə sorğu alan Tərəfin dövlətinin əmək münasibəti və sosial-iqtisadi zəmanət baxımından hərbi qulluqçunun statusunu tənzimləyən qanunvericiliyi şamil edilir.

Yardım dəstələrinin yerdəyişməsi, onların avadanlığının və təminat materiallarının daşınması avtomobil, dəmir yolu, su və ya hava nəqliyyatı vasitələri ilə həyata keçirilir.

Yardım göstərilməsi üçün qeyd olunan nəqliyyat növlərindən istifadə qaydası müvafiq dövlət orqanları ilə razılaşma əsasında Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilir.

 

Maddə 9

Fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi üçün

avadanlığın və təminat materiallarının gətirilməsi və aparılması

 

Fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi üçün sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilən və sorğu alan Tərəfin dövlətinin ərazisindən aparılan avadanlıq və təminat materialları gömrük rüsumlarından və digər vergilərdən azad edilir.

Avadanlığın və təminat materiallarının gömrük rəsmiləşdirilməsi prioritet qaydada və sadələşdirilmiş şəkildə səlahiyyətli orqanların verdiyi və yardım dəstələri üzvlərinin tərkibi, gətirilən və ya aparılan avadanlığın və təminat materiallarının siyahısı göstərilən bildirişlər əsasında həyata keçirilir.

Yardım dəstələrinə avadanlıq və təminat materiallarından başqa hər hansı bir malın gətirilməsi qadağan edilir.

Yardım göstərilməsi üzrə işlər başa çatdıqdan sonra gətirilən avadanlıq sorğu göndərən Tərəfin dövlətinin ərazisindən çıxarılmalıdır. Hər hansı xüsusi bir səbəbdən avadanlığın çıxarılması mümkün olmadığı təqrirdə, o, razılaşdırılmış şərtlərlə yardım şəklində təmənnasız olaraq sorğu göndərən Tərəfin səlahiyyətli orqanına verilə bilər. Bu halda sorğu göndərən Tərəfin səlahiyyətli orqanına və gömrük orqanına verilən avadanlığın növü, sayı və yerləşdiyi yer göstərilməklə məlumat verilməlidir.

Zərərçəkənlərə təcili tibbi yardım göstərilməsi zərurəti yarandığı halda, sorğu göndərən Tərəfin dövlətinin ərazisinə lazımi miqdarda tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları və prekursorlar gətirilə bilər. Bu halda yardım dəstəsinin rəhbəri sorğu göndərən və sorğu alan Tərəflərin gömrük orqanlarına, nomenklaturu və miqdarı göstərilməklə, tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları və prekursorların mövcudluğu barədə bəyannamə təqdim edir.

Qeyd olunan dərman preparatları sorğu göndərən Tərəfə verilə bilməz və onlardan yalnız ixtisaslaşmış tibbi heyət tərəfindən həmin Tərəfin nümayəndəsinin nəzarəti altında istifadə olunur.

Tərkibində narkotik və psixotrop maddələr olan istifadə olunmamış dərman preparatları və prekursorlar onların nomenklaturunu və miqdarını təsdiq edən sənədlərin əsasında sorğu göndərən Tərəfin gömrük nəzarəti altında ölkədən çıxarılmalıdır.

Tərkibində narkotik və psixotrop maddələr olan istifadə olunmuş dərman preparatları və prekursorlar ilə bağlı sorğu göndərən Tərəfin gömrük orqanlarına yardım dəstəsinin rəhbəri və həkimi tərəfindən imzalanmış və sorğu göndərən Tərəfin səlahiyyətli orqanının nümayəndəsi tərəfindən təsdiq edilmiş, onların istifadəsi barədə Bəyannamə təqdim olunur.

 

Maddə 10

Hava gəmilərindən istifadə edilməsi

 

Sorğu alan Tərəfin səlahiyyətli orqanı hava gəmilərinin növü və fərqlənmə nişanları, marşrutu, ekipaj üzvlərinin sayı, yükün xarakteri, uçuş və eniş vaxtı və yeri göstərilməklə yardımın göstərilməsi üçün hava gəmilərindən istifadə etmək qərarı barədə sorğu göndərən Tərəfin səlahiyyətli orqanını məlumatlandırır.

Sorğu göndərən Tərəf öz dövlətinin ərazisində müəyyən olunmuş məntəqəyə uçuşa icazə verir.

Təcili yardım göstərilməsi və qüvvə və vasitələrin səlahiyyətli orqanın hava gəmisi ilə bir dövlətin ərazisindən digər dövlətin ərazisində göstərilən fövqəladə hal ərazisinə operativ göndərilməsi məqsədi ilə Tərəflərin səlahiyyətli orqanları müəyyən edilmiş qaydada və Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq hava gəmilərindən istifadənin mümkünlüyü barədə əlavə təlimatı və fövqəladə halların aradan qaldırılması zamanı hava gəmilərinin sərhəd keçməsi prosedurlarının sadələşdirilməsi üzrə hər Tərəfin dövlət orqanları (sərhəd, gömrük, fıtosanitar, karantin xidməti) nümayəndələrinin qarşılıqlı fəaliyyət mexanizmini işləyib hazırlayır və razılaşdırır.

Uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Tərəflərin dövlətlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

 

Maddə 11

Xərclərin ödənilməsi

 

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, sorğu göndərən Tərəf yardım göstərilməsi ilə bağlı xərcləri sorğu alan Tərəfə ödəyir.

Sorğu göndərən Tərəf istənilən vaxt yardım barədə öz sorğusunu geri götürə bilər. Bu halda sorğu alan Tərəf çəkdiyi xərcləri geri almaq hüququna malikdir.

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, xərclərin ödənilməsi sorğu alan Tərəfin bu barədə tələbinin daxil olması tarixindən 30 iş gün müddətində həyata keçirilir.

Sorğu alan Tərəf yardım dəstəsi üzvlərinin sığortalanmasını təmin edir. Sığortanın rəsmiləşdirilməsi üzrə xərclər yardım göstərilməsi üzrə ümumi xərclərə daxil edilir.

Sorğu alan Tərəf hava gəmilərinin uçuşu, yerə enməsi, aerodromda dayanması və oradan havaya qalxması, eləcə də aeronaviqasiya xidmətlərinə görə ödənişlərdən azaddır.

Sorğu göndərən Tərəfin hava gəmilərinin yanacağı və texniki xidmət xərclərinin ödənilməsi barədə məsələ hər bir konkret hal üçün ayrı-ayrılıqda həll edilir.

 

Maddə 12

Ziyanın ödənilməsi

 

Sorğu alan Tərəfin yardım dəstəsinin üzvü bu Sazişin həyata keçirilməsi ilə bağlı olan işlərin yerinə yetirilməsi zamanı sorğu göndərən Tərəfin ərazisində fiziki və ya hüquqi şəxsə zərər vurarsa, sorğu göndərən Tərəf öz qanunvericiliyinə uyğun olaraq bu zərəri özü ödəyir.

Sorğu alan Tərəfin yardım dəstəsinin üzvü yardım göstərilməsi ilə birbaşa əlaqəsi olmayan fəaliyyət nəticəsində sorğu göndərən Tərəfin dövlətinin ərazisində fiziki və ya hüquqi şəxsə hər hansı zərər yetirərsə, sorğu alan Tərəf sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bu zərəri özü ödəyir.

Sorğu alan Tərəfin yardım dəstəsi üzvünün bilərəkdən və ya kobud etinasızlığı səbəbindən meydana gələn zərərin ödənilməsi sorğu alan Tərəfin öhdəsinə düşür.

 

Maddə 13

Məlumatlardan istifadə olunması

 

Tərəflərin səlahiyyətli orqanları arasında yazılı şəkildə başqa cür razılaşdırılmadığı təqdirdə, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunmuş məlumatları, Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq yayılmasına yol verilməyən məlumatlar istisna olmaqla, adi təcrübəyə əsaslanaraq və Tərəflərin hər birinin yazılı göstərişi əsasında nəşr və istifadə olunur.

 

Maddə 14

Mübahisələrin həlli

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.

 

Maddə 15

Digər beynəlxalq müqavilələrə münasibət

 

Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 16

Əlavə və dəyişikliklər edilməsi

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 17-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.

 

Maddə 17

Yekun müddəalar

 

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etdiyi tarixdən etibarən 6 (altı) ay müddətində qüvvədə qalır.

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, bu Sazişin ləğv edilməsi onunla əlaqədar həyata keçirilən artıq başlanmış, lakin onun qüvvədən düşməsi vaxtına qədər başa çatdırılmamış fəaliyyətə təsir etməyəcəkdir.

Daşkənd şəhərində 19 may 2015-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, özbək və rus dillərində olmaqla imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.