Beynəlxalq sənədlər

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Geri

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyun 2014-cü il

№ 179

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə

İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında

fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra "Tərəflər" adlandırılacaq), təbii fəlakətlərin səbəb olduğu mümkün itkiləri nəzərə alaraq, fövqəladə halların idarə edilməsi sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və təbii fəlakətlər zamanı qarşılıqlı yardım göstərmək səylərini təşviq etməyi arzulayaraq, aşağıdakılar barədə qərar qəbul etdilər:

 

Maddə 1

Əməkdaşlığın məqsədi

Bu Anlaşma Memorandumu Tərəflərin dövlətlərinin ərazisində baş vermiş və ya baş verə biləcək təbii fəlakətlərin əvvəlcədən xəbərdar edilməsi, qarşısının alınması, hazırlıq, nəticələrinin azaldılması və aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlıq yaratmaq məqsədi daşıyır.

 

Maddə 2

Əməkdaşlıq sahələri

Əməkdaşlıq aşağıdakı fəaliyyətləri əhatə edir:

məlumat, dövri mətbuat, texniki, metodik və elmi ədəbiyyatların, tədqiqat işlərinin nəticələrinin, videoların, fotoların və digər materialların mübadiləsi;

ekspertlərin mübadiləsi;

ortaq təbii fəlakət risklərinin azaldılmasına yönəldilmiş strategiya və metodların işlənib hazırlanması;

razılaşdırılmış mövzular üzrə təlim kurslarının, seminarların və praktikumların təşkil edilməsi;

təbii fəlakətlər zamanı qarşılıqlı yardım prosedurlarının müəyyənləşdirilməsi.

 

Maddə 3

Birgə İşçi Qrupu

Bu Anlaşma Memorandumunun həyata keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarəedilməsi Milli Təşkilatının nümayəndələrinin daxil olduğu Birgə İşçi Qrupu tərəfindən əlaqələndiriləcəkdir.

Birgə İşçi Qrupu ildə bir dəfə olmaqla növbə ilə toplaşır.

Tərəflər bu Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupunun tərkibi barədə bir-birini məlumandırırlar. Tərəflər Birgə İşçi Qrupunun tərkibi ilə bağlı baş vermiş dəyişikliklər barədə bir-birini məlumatlandınrlar.

 

Maddə 4

Xərclər

Bu Anlaşma Memorandumunun müddəlarının icra edilməsi ilə bağlı xərclər Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.

 

Maddə 5

Məxfilik

Bu Anlaşma Memorandumu çərçivəsində əldə edilmiş bütün məlumatlar, göstəricilər və nəticələr bu Anlaşma Memorandumunun müddəti bitdikdən sonra belə, digər Tərəfin əvvəlcədən razılığı olmadan nəşr edilə və ya başqa məqsədlər üçün istifadə edilə və ya üçüncü tərəfə ötürülə bilməz.

 

Maddə 6

Fikir ayrılıqlarının həlli

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 7

Əlavə və dəyişikliklər

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 8-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 8

Qüvvəyəminmə, müddət və ləğvedilmə

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı altı ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə avtomatik olaraq, növbəti üçillik müddətə qüvvədə qalır.

Tehran şəhərində 2014-cü il 9 aprel tarixində, fars təqvimi ilə 1393-cü il 20 fərvərdin tarixində hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.