Beynəlxalq sənədlər

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Geri

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2010-cu il oktyabrın 6-da Astana şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2011-ci il

№ 53-IVQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası

Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qaşısının alınması

və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti,

hər iki xalq arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsinə səy göstərərək,

Tərəflərin dövlətləri arasında mülki müdafiə, fövqəladə halların qaşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafının əhalinin rifahının yaxşılaşdırılmasına və milli təhlükəsizliyin təmin edilməsinə kömək göstərəcəyini qəbul edərək,

Tərəflərin dövlətləri üçün fövqəladə halların daşıdığı təhlükəni dərk edərək,

mülki müdafiə, fövqəladə halların qaşısının alınması və aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin Tərəflərin dövlətləri üçün faydasını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Sazişin predmeti

Hazırki Saziş mülki müdafiə, fövqəladə halların qaşısının alınması və aradan qaldırılması, fəlakətlər və digər bədbəxt hadisələr zamanı könüllü və qarşılıqlı yardımın göstərilməsi üzrə fövqəladə hallar sahəsində mütəxəssislərinin hazırlanması sahəsində Tərəflərin qarşılıqlı fəaliyyətlərinin qaydasını müəyyən edir.

Maddə 2

Hazırki Sazişdə istifadə olunan terminlər

Hazırki Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:

“Sorğu göndərən Tərəf” - yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə sorğu ilə digər Tərəfə müraciət edən Tərəf;

“Sorğu alan Tərəf” - yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə Sorğu göndərən Tərəfin sorğusunu yerinə yetirən Tərəf;

“Yardım dəstəsi” - zəruri avadanlıqlar ilə təchiz olunmuş, yardım göstərilməsi üçün təyin edilmiş mütəxəssislər dəstəsi (o cümlədən hərbi heyət);

“Fövqəladə hal” - insan ölümünə, insanların sağlamlığına, ətraf mühitə və təsərrüfat obyektlərinə zərərin vurulmasına, əhəmiyyətli dərəcədə maddi itkiyə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olan və ya səbəb ola biləcək, qəzalar, bədbəxt hadisələr, təbii və digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət;

“Fövqəladə halların qarşısının alınması” - fövqəladə halların baş verməsi halında onların riskinin maksimuma endirilməsinə, insanların həyat və sağlamlığının qorunmasına, ətraf mühitə dəyən zərərin və maddi itkilərin azaldılmasına istiqamətlənmiş qabaqlayıcı tədbirlər toplusu;

“Fövqəladə halların aradan qaldırılması” - fövqəladə hal baş verdiyi zaman həyata keçirilən və insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, maddi itkilərin və dəymiş zərərin azaldılmasına, habelə fövqəladə hal zonasının lokallaşdırılmasına istiqamətlənmiş xilasetmə, qəza-bərpaetmə və digər təxirəsalınmaz işlər;

“Fövqəladə hal zonası” - fövqəladə halın baş verdiyi ərazi;

“Avadanlıq” - materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstəsinin təchizatı və yardım dəstəsinin üzvlərinin şəxsi ləvazimatı;

“Təminat materialları” - fövqəladə hallar nəticəsində zərər çəkmiş əhali arasında təmənnasız olaraq paylanılmaq üçün nəzərdə tutulmuş maddi vasitələr.

Maddə 3

Səlahiyyətli orqanlar

Hazırki Sazişin həyata keçirilməsi üçün Tərəflər öz səlahiyyətli orqanlarını təyin edirlər:

Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi.

Qazaxıstan tərəfindən - Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi.

Tərəflər öz səlahiyyətli orqanlarının adlarında dəyişikliklərin baş verməsi və onların funksiyalarının başqa orqanlara verilməsi barədə dərhal bir-birini diplomatik kanallar vasitəsi ilə xəbərdar edirlər.

Maddə 4

İşçi Qrupu

1. Hazırki Sazişin müddəalarının yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə Tərəflər mülki müdafiə, fövqəladə halların qaşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə İşçi Qrupu yaradırlar (bundan sonra - İşçi Qrupu).

2. İşçi Qrupunun tərkibi, iş qaydası və vəzifələri Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən ediləcəkdir.

Maddə 5

Əməkdaşlığın formaları

Hazırki Sazişə müvafiq olaraq bütün fəaliyyətlər Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir və hər bir Tərəfin zəruri vasitələrinin mövcudluğu ilə şərtləndirilir. Hazırki Saziş çərçivəsində əməkdaşlıq aşağıdakıları nəzərdə tutur:

fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi haqqında məlumat mübadiləsi;

əhalinin fövqəladə hallar zamanı fəaliyyətə, o cümlədən ilkin tibbi yardımın göstərilməsinə hazırlığının təşkili üzrə təcrübə mübadiləsi;

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə maraqlı olan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili;

sənaye qəzaları və ya təbii fəlakətlər nəticəsində baş verə biləcək çirklənmələr ilə bağlı ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi;

elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyatların və tədqiqat işlərinin nəticələrinin, elmi-metodiki materialların mübadiləsi, cümlədən kadr işi sahəsində mübadilə;

məlumatın, dövri nəşrlərin, metodiki ədəbiyyatın, video və fotomaterialların mübadiləsi;

birgə konfransların, seminarların, işçi iclasların, təlim və məşqlərin təşkili;

birgə nəşrlərin və məruzələrin hazırlanması;

mülki müdafiə, fövqəladə halların qaşısının alınması və aradan qaldırılması sahəsində mütəxəssislərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması və təcrübə keçmələri;

yardım dəstələri tərəfindən istifadə olunan avadanlıqların və təminat materiallarının qiymətləndirilməsi;

fövqəladə halların aradan qaldırılması zamanı qarşılıqlı yardımın göstərilməsi;

Tərəflərin səlahiyyətli orqanlarının qarşılıqlı razılığı ilə istənilən digər əməkdaşlıq formaları.

Maddə 6

Qurumlar və müəssisələr arasında əməkdaşlıq

Tərəflər mülki müdafiə, fövqəladə halların qaşısının alınması və aradan qaldırılması sahəsində fəaliyyət göstərən dövlət orqanları, Tərəflərin dövlətlərinin digər qurumları arasında əməkdaşlığa yardım edirlər.

Maddə 7

Tərəflərin nümayəndələrinin qəbul edilməsi şərtləri

Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə, fövqəladə halların aradan qaldırılması üçün yardımın göstərilməsi ilə birbaşa əlaqədar olmayan halda, İşçi Qrupunun işində iştirak zamanı göndərən Tərəf öz nümayəndələrinin yol, qalma və qida xərclərini öz üzərinə götürür, qəbul edən Tərəf isə birgə konfransların, seminarların, işçi iclaslarının, təlim və məşqlərin təşkil olunması, həmçinin öz dövlətinin ərazisində göndərən Tərəfin nümayəndələrinin nəqliyyat xərclərini öz üzərinə götürür.

Maddə 8

Yardımın göstərilməsi

1. Tərəflər fövqəladə halların aradan qaldırılması zamanı yardımı diplomatik kanallar vasitəsilə alman rəsmi sorğu əsasında göstərir. Təcili olduğu halda belə sorğu şifahi olaraq edilir və ən qısa müddətdə yazılı şəkildə təsdiq edilməlidir.

2. Sorğu fövqəladə halın xarakteri, zəruri yardımın növü və həcmi barəsində bütün məlumatı özündə əks etdirməlidir.

3. Fövqəladə halların aradan qaldırılması zamanı yardım dəstələrinin, avadanlığın, təminat materiallarının göndərilməsi ilə və ya digər müraciət edilən formada göstərilir.

4. Sorğu alan Tərəf sorğunun yerinə yetirilməsindən imtina etmək hüququna malikdir.

5. Sorğu alan Tərəf ən qısa müddətdə sorğunu nəzərdən keçirir və yardım dəstəsinin heyəti, ekspertlərin ixtisasları, gətirilən avadanlıqlar və təminat materialları göstərilməklə yardımın mümkünlüyü, forması, həcmi və şərtləri barədə Sorğu göndərən Tərəfi məlumatlandırır. Həmçinin fövqəladə hal zonasına gəlmək üçün istifadə olunacaq nəqliyyat vasitəsinin növü və planlaşdırılan dövlət sərhəd keçid məntəqəsi də göstərilir.

Maddə 9

Yardımın göstərilməsi şərtləri

1. Sorğu göndərən Tərəf Sorğu alan Tərəfin yardım dəstələrinin qalma xərclərini öz üzərinə götürür.

2. Hazırki Maddənin 7-ci bəndində nəzərdə tutulan halda Sorğu göndərən Tərəf qida xərclərini öz üzərinə götürür.

3. Sorğu göndərən Tərəf öz dövlətinin ərazisində qalma müddəti ərzində Sorğu alan Tərəfin yardım dəstələrinin üzvlərinə sığorta polisləri əsasında tibbi xidmətin göstərilməsini təmin edir.

4. Sorğu göndərən Tərəf istənilən vaxt ona yardım göstərilməsi barədə sorğusunu ləğv edə bilər. Bu halda Sorğu göndərən Tərəf yerinə yetirilmiş işlərin hesabatı əsasında Sorğu alan Tərəfin çəkdiyi xərcləri qarşılayır. Sorğu göndərən Tərəf yardımın göstərilməsi barədə sorğunu ləğv etdiyi vaxtdan etibarən 30 təqvim günü müddətində xərcləri ödəməlidir.

5. Sorğu alan Tərəf yardım dəstələrinin üzvlərinin sığortalanmasını təmin edir. Sığortalama xərcləri yardımın göstərilməsi üzrə ümumi xərclərə daxildir.

6. Sorğu göndərən Tərəf Sorğu alan Tərəfin yardım dəstələrinin rəhbərlərini fövqəladə hal zonasında və müəyyən iş sahələrində olan vəziyyət barəsində məlumatlandırır, lazım olduqda bu dəstələri tərcüməçilər və rabitə vasitələri ilə təmin edir, eləcə də onların təhlükəsizliyini təmin edir və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

7. Yardım dəstələrinin avadanlıqları fövqəladə hal zonasında 3 sutka ərzində müstəqil fəaliyyət göstərə bilmək üçün kifayət qədər olmalıdır. Avadanlıq ehtiyatları qurtardığı halda, Sorğu göndərən Tərəf sözügedən dəstələri işlərini davam etdirmək üçün zəruri vasitələrlə təmin edir.

Maddə 10

Yardımın göstərilməsi işlərinin idarə edilməsi

1. Yardım dəstələrinə rəhbərliyi bu dəstələrin rəhbərləri vasitəsilə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı həyata keçirir.

2. Sorğu göndərən Tərəfin qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri öz rəhbərlərinin müstəsna rəhbərliyi altında qalırlar.

3. Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri işləri yerinə yetirmək üçün Sorğu göndərən Tərəfin qeyd etdiyi fövqəladə hal zonasının bütün yerlərinə daxil olmaq hüququna malikdirlər.

Maddə 11

Dövlət sərhəddini keçmək şərtləri və Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalma qaydası

1. Hər bir Tərəf yardım dəstələrinin hadisə yerinə tez gəlməsi üçün dövlət sərhəddini keçmə şərtlərini sadələşdirir.

2. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlət sərhəddini beynəlxalq gediş-gəliş üçün açıq olan buraxılış məntəqələrindən şəxsiyyətlərini müəyyən edən sənədlərlə keçirlər. Dəstənin rəhbərində yardım dəstəsinin üzvlərinin siyahısı və Sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən və onun səlahiyyətini təsdiq edən sənəd olmalıdır.

3. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin ərazisində olduğu müddət ərzində həmin dövlətin milli qanunvericiliyinə riayət etməlidirlər. Bununla yanaşı, onlar əmək qanunvericiliyi və bununla bağlı məsələlər üzrə Sorğu alan Tərəfin dövlətinin yurisdiksiyasında qalırlar. Yardım dəstələrinin tərkibinə daxil olan hərbi heyətə Sorğu alan Tərəfin dövlətinin əmək münasibəti və sosial-iqtisadi zəmanət baxımından hərbi qulluqçunun statusunu tənzimləyən qanunvericiliyi şamil edilir.

4. Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fövqəladə halların aradan qaldırılması zamanı öz uniformalarını geymək hüququna malikdirlər.

5. Yardım dəstələrinin yerdəyişməsi, onların avadanlıqlarının və təminat materiallarının daşınması avtomobil, dəmir yolu, hava və ya su nəqliyyat vasitələri ilə həyata keçirilir. Yardımın göstərilməsi üçün qeyd olunan nəqliyat növlərindən istifadə qaydası müvafiq dövlət orqanları ilə razılaşma əsasında səlahiyyətli orqanlar tərəfindən müəyyən edilir.

6. Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə silah, sursat və partlayıcı maddələr gətirə bilməzlər.

Maddə 12

Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi üçün avadanlıqların və təminat materiallarının gətirilməsi və aparılması

1. Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi üçün Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilən və Sorğu alan Tərəfin dövlətinin ərazisindən aparılan avadanlıqlar və təminat materialları gömrük rüsumlarından, vergilərdən və digər ödənişlərdən azad edilir. Avadanlıqların və təminat materiallarının gömrük rəsmiləşdirilməsi səlahiyyətli orqanların verdiyi bildiriş əsasında öncül qaydada həyata keçirilir.

2. Yardım dəstəsinin rəhbərində Sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş gətirilən avadanlıqların və təminat materiallarının siyahısı olmalıdır.

3. Yardım dəstələrinə Sorğu göndərən Tərəfin ərazisinə avadanlıq və təminat materiallarından başqa hər hansı bir əşyanın gətirilməsi qadağan edilir.

4. Yardımın göstərilməsi üzrə işlər başa çatdıqdan sonra gətirilən avadanlıqlar Sorğu göndərən Tərəfin dövlətinin ərazisindən çıxarılmalıdır. Əgər hansısa xüsusi bir səbəbdən avadanlıqların çıxarılması mümkün olmadıqda, onlar razılaşdırılmış şərtlərlə yardım şəklində təmənnasız olaraq Sorğu göndərən Tərəfin səlahiyyətli orqanlarına verilə bilər. Bu halda Sorğu göndərən Tərəfin gömrük orqanına verilən avadanlığın növü, sayı və yerləşdiyi yeri göstərilməklə məlumat verilməlidir.

5. Tibbi yardım dəstəsi öz avadanlıqları və təminat materialları ilə gəlir. Zərərçəkənlərə təcili tibbi yardımın göstərilməsi zərurəti yarandığı halda, Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə lazımi miqdarda tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları gətirilə bilər. Bu halda yardım dəstəsinin rəhbəri Sorğu göndərən və Sorğu alan Tərəflərin gömrük orqanlarına nomenklaturası və miqdarı göstərilməklə tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının mövcudluğu barədə Bəyannamə təqdim edir.

6. Qeyd olunan dərman preparatları Sorğu göndərən Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq xüsusi ixtisasa malik tibbi heyət tərəfindən istifadə olunur və Sorğu göndərən Tərəfə verilə bilməz. Sorğu göndərən Tərəf preparatların istifadəsini yerində yoxlamaq hüququna malikdir.

7. Tərkibində narkotik və psixotrop maddələr olan istifadə olunmamış dərman preparatları Sorğu göndərən Tərəfin gömrük nəzarəti altında ölkədən çıxarılmalıdır.

Maddə 13

Hava gəmilərindən istifadə edilməsi

1. Sorğu alan Tərəfin səlahiyyətli orqanı Sorğu göndərən Tərəfin səlahiyyətli orqanını yardımın göstərilməsi üçün hava gəmisindən istifadə etmək niyyəti barədə məlumatlandırır. Sorğu göndərən Tərəfin hava gəmisindən istifadəyə razılığı olduğu halda, Sorğu alan Tərəf hava gəmisinin mənsubiyyətini, ondan istifadənin məqsədini, növünü və fərqlənmə nişanlarını, marşrutunu, ekipaj heyətinin sayını, yükün növünü, hava gəmisinin qalxma və enmə yerini və vaxtını dəqiq göstərməlidir.

2. Sorğu göndərən Tərəf öz dövlətinin ərazisində hava gəmilərinin müəyyən olunmuş məntəqəyə uçmasına icazə verir.

3. Hər bir Tərəfin dövlətinin hava nəqliyyatı ilə bağlı milli qanunvericiliyi, o cümlədən, hava nəqliyyatı üzrə cavabdeh olan orqanlara uçuşlar haqqında məlumatın ötürülməsində də tətbiq edilir. Uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Tərəflərin dövlətlərinin qaydalarına uyğun olaraq həyata keçirilir.

Maddə 14

İşlərin başa çatdırılması

1. Yardımın göstərilməsi üzrə işlər başa çatdıqdan sonra və Sorğu göndərən Tərəf verilmiş avadanlıq və təminat materiallarmı Sorğu alan Tərəfə qaytardığı zaman, Sorğu göndərən Tərəf Sorğu alan Tərəfin avadanlıq və təminat materiallarına cavabdeh olan şəxsini və Sorğu alan Tərəfin səlahiyyətli orqanmı məlumatlandırır.

2. Sorğu alan Tərəf avadanlıq və təminat materiallarının çıxarılmasını başa çatdırdığı zaman Sorğu göndərən Tərəfi lazımi yazılı şəkildə məlumatlandırır. Sorğu göndərən Tərəf öz növbəsində bu məlumatı özünün avadanlıq və təminat materiallarına cavabdeh olan şəxsinə çatdırır.

3. Sorğu alan Tərəfin işlərin başa çatması barədə qərarı dərhal qüvvəyə minir və mübahisə mövzusu ola bilməz.

4. Yardımın göstərilməsi üzrə işlər başa çatdıqdan sonra Sorğu alan Tərəfin səlahiyyətli orqanı Sorğu göndərən Tərəfin səlahiyyətli orqanına görülmüş işlər barəsində yazılı hesabat göndərir. Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı Sorğu alan Tərəfin səlahiyyətli orqanına baş verən hadisələr haqqında, ilk növbədə sənaye qəzalarının, bədbəxt hadisələrin və ya təbii fəlakətlərin xarakteristikasını, alınan yardımın növünü və həcmini, görülmüş işlərin nəticələrini özündə əks etdirən yekun hesabat göndərir.

Maddə 15

Xərclərin ödənilməsi

1. Tərəflər başqa şəkildə razılaşmadığı təqdirdə, Sorğu göndərən Tərəf yardımın göstərilməsi ilə bağlı xərcləri Sorğu alan Tərəfə ödəyir.

2. Sorğu alan Tərəf öz hava gəmisi ilə uçuş, yerə enmə, aerodromda dayanma və oradan havaya qalxma, eləcə də aeronaviqasiya xidmətlərinə görə ödənişlərdən azaddır.

3. Sorğu göndərən Tərəf hava gəmilərinin yanacağı üçün xərcləri öz üzərinə götürür.

Maddə 16

Ziyanın ödənilməsi

1. Əgər yardımın göstərilməsi üzrə işlərin yerinə yetirilməsi zamanı yardım dəstələrinin üzvləri həlak olarsa və ya şikəst olarsa, bu halda Sorğu göndərən Tərəf kompensasiya xərclərini Öz üzərinə götürür. Kompensasiya müavinət şəklində həmin dəstə üzvünə və ya onun bilavasitə varisinə ödənilir. Kompensasiyanın miqdarı Sorğu alan Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

2. Əgər yardım dəstələri tərəfindən fövqəladə halların aradan qaldırılması üzrə işlər aparılan zaman yardım dəstələrinin üzvü olmayan üçüncü şəxsə zərər vurularsa, bu halda Sorğu göndərən Tərəf zərərin kompensasiyasını özü ödəyir. Zərər Sorğu göndərən Tərəfin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin öz qüvvələri ilə aradan qaldırılması zamanı dəyən zərər ilə bağlı tətbiq edilən milli qanunvericiliyinin müddəalarına uyğun olaraq ödənilir.

3. Tərəflərin səlahiyyətli orqanları bu Maddədə qeyd olunan zərər vurmuş işlərlə bağlı bütün zəruri məlumatları mübadilə edirlər.

4. Zərər Sorğu alan Tərəfin yardım dəstəsinin üzvünün bilərəkdən və ya kobud etinasızlığı səbəbindən meydana gələrsə, zərərin ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.

5. Zərərin ödənilməsi şərtləri və qaydaları əlavə olaraq Tərəflərin dövlətlərinin müvafiq orqanları və təşkilatları arasında zərərin ödənilməsi üzrə bağlanılan müqavilələrlə tənzimlənməlidir.

Maddə 17

Əməkdaşlığın maliyyələşdirilməsi

Hazırki Saziş çərçivəsində əməkdaşlıq və yardımın göstərilməsi Tərəflərin dövlətlərinin milli qanunvericiliyi ilə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir.

Maddə 18

Məlumatın istifadə olunması

Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq olaraq yayılmasına yol verilməyən məlumatlar İstisna olmaqla, hazırki Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunan məlumat adi qaydada və hər bir Tərəfin göstərişi əsasında nəşr və istifadə oluna bilər.

Maddə 19

Digər öhdəliklər və beynəlxalq müqavilələr

Hazırki Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 20

Mübahisələrin həlli

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi nəticəsində meydana çıxan mübahisələr və fikir ayrılıqları Tərəflər arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.

Maddə 21

Yekun müddəalar

1. Hazırki Saziş onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

2. Hazırki Saziş Tərəflərdən birinin Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etdiyi vaxtdan etibarən 6 (altı) ay müddətində öz qüvvəsini saxlayır.

3. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırki Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər hazırki Sazişin ayrılmaz hissəsi hesab edilir və bu Maddənin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrı-ayrı protokollarla rəsmiləşdirilir.

4. Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə, hazırki Sazişin ləğv edilməsi onunla əlaqədar həyata keçirilən artıq başlanmış, lakin onun qüvvədən düşməsi vaxtına qədər başa çatdırılmamış fəaliyyətlərə təsir etmir.

5. Hazırki Saziş Astana şəhərində 6 oktyabr 2010-cu il tarixində, iki əsl nüsxədə hər biri azərbaycan, qazax və rus dillərində olmaqla imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırki Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə rus dilindəki mətn əsas götürüləcəkdir.