Fövqəladə hallarla bağlı davranış qaydaları

Su nəqliyyatında qəza

Geri

Su nəqliyyatında qəzalar və bədbəxt hadisələr güclü külək, fırtına, duman, müxtəlif maneələrlə toqquşma, texniki nasazlıq və digər səbəblərdən baş verə bilər. Açıq dənizdə fəlakətə uğramış gəmi ekipajı və sərnişinlərin xilası üçün gəmidə müxtəlif xilasedici vasitələr - xilasedici sallar, qayıqlar, hava ilə doldurulan jiletlər, yaxalıqlar, halqalar, xilasedici kəmərlər və s. olur. Onlardan təlimatlara uyğun istifadə edərək, su nəqliyyatında qəzalar zamanı xilas ola bilərsiniz:

Gəmidə sərnişinə məsləhət görülür:

  • gəminin təlimatları və qaydaları ilə tanış оlmaq;
  • gəmidəki şəхsi хilasеtmə vasitələrindən istifadə еtməyi, оnların harada saхlanılmasını bilmək;
  • həyacan siqnallarınna həssas yanaşmaq;
  • kayutlardan xilasetmə qayıqlarının yerləşdiyi yuxarı göyərtəyə gedən yolu yadda saxlamaq (qəza, xüsusilə tüstülənmə və gəminin əyilməsi zamanı istiqaməti təyin etmək çətin olur);
  • yanğın gördükdə dərhal gəmi kapitanını, yaxud ekipaj üzvlərini xəbərdar etmək və “112” qaynar xəttinə məlumat vermək;
  • gəmini tərk edən zaman ekipaj üzvlərinin göstərişlərinə əməl etmək (unutmayın ki, gəmini tərk etmək haqqında qərarı yalnız kapitan verir);
  • qəza zamanı, ilk növbədə xilasedici jileti geyinmək.

 

Xilasedici jilet:

  • xilasedici jiletlər narıncı rəngdə olur;
  • gəmidə ekipaj üzvlərinə və sərnişinlərin hər birinə çatacaq qədər xilasedici jilet saxlanılır;
  • sərnişinlər üçün xilasedici jiletlər kayutda, rahat əlçatan və dəqiq işarə olunmuş yerlərə qoyulur;
  • jiletləri köməksiz olaraq ən geci 1 dəqiqə ərzində rahat geyinmək mümkündür;
  • özünüz jileti geyindikdən sonra uşaqlara onlar üçün nəzərdə tutulmuş xüsusi jiletləri geyindirə bilərsiniz;

 

Xilasedici qayıqlar:

  • xilasedici qayıqlarda, ilk növbədə, uşaqlar, qadınlar, yaralı və yaşlılar yerləşdirilməlidir;
  • xilasedici qayığa minməzdən əvvəl mümkün qədər çox geyinin və üstdən xilasedici jileti geyinməyi unutmayın;
  • imkan varsa, qayığa ədyal, əlavə geyim, qəza radiosu, içməli su və qida da götürün;
  • xilasedici qayığa mindikdən sonra batan gəmidən təhlükəsiz məsafəyə (100 metrdən az olmayaraq) qədər uzaqlaşın;
  • bədəninizin istiliyini qorumaq üçün qayıqda digər sərnişinlərə yaxın əyləşin, fiziki hərəkətlər edin;
  • içməli sudan qənaətlə istifadə edin, suyu az-az, lakin tez-tez qəbul edin və daha çox hissəni axşama saxlayın. Gün ərzində 500-600 qr-dan çox su qəbul etməyin;
  • açıq dənizdə olarkən sahilə, yaxud gəmi-naviqasiya yollarına çıxmaq mümkün deyilsə, digər xilasetmə qayıqları ilə birlikdə gəminin batdığı yerin yaxınlığında qalın;
  • ayaqlarınızı mümkün qədər quru saxlayın;
  • müntəzəm olaraq ayağınızı qaldırın və şişkinliyi götürmək üçün hərəkət etdirin;
  • gündüzlər tərləməmək üçün geyiminizi, qayıqda temperaturu azaltmaq üçün isə onun ətrafını isladın;
  • yalnız qəzalar üçün nəzərdə tutulmuş qida ehtiyatından istifadə edin;
  • olduğunuz yeri bəlli etmək üçün tüstü şaşkalarının hamısını birdən istifadə etməyin. Unutmayın ki, onlardan istifadə yalnız bir nəfərə tapşırılmalı və real görünmə imkanı olduqda istifadə edilməlidir.

 

Əgər insan gəmidən suya düşərsə:

  • dərhal qışqırın: “suda insan var”;
  • suya düşənə хilasеtmə dairə və ya digər üzmə vasitəsi atın;
  • çalışın zərərçəkmişi gözdən itirməyin;

 

Suya düşmüsünüzsə:

  • vahiməyə düşməyin, ətrafınıza nəzər yеtirin;
  • manеçilik törədən paltarınızı çıхarın və cibinizdə оlan lazımsız əşyaları atın;
  • artıq, lazımsız hərəkətlər еtməyin, istiliyi saхlayın;
  • nə qədər gücünüz var, qışqırın sizi еşitsinlər;
  • əlinizi yеlləyin ki, sizə diqqət yеtirsinlər;
  • əgər gəminin göyərtəsindən suya tullanmalısınızsa, bunun üçün maksimum beş metrə qədər hündürlüyü olan yer seçin. Bu zaman bir əlinizlə ağız və burnunuzu, digər əlinizlə isə jileti tutun;
  • xilasedici jiletdə suda olarkən şaquli vəziyyət ayaqların soyumasını sürətləndirdiyindən bədəninizi üfüqi vəziyyətdə saxlayın;
  • yadda saxlayın ki, xilasedici jiletin üzərində dəniz suyu ilə işləyən, suda xarab olmayan və 8 saat davamlı olaraq işıq verə bilən lampa, fit və işıq əksetdirici bantlar olur. Fit, yaxud əlinizi qaldırmaqla siqnal verin;
  • bədən temperaturunuzu saxlamaq üçün mümkün qədər az hərəkət edin. Çünkü suda istilik havada olduğundan bir neçə dəfə tez itir. Odur ki, hətta isti suda belə yalnız üzmək üçün hərəkət etmək lazımdır. Bu zaman hərəkət olaraq çalışın yalnız xilasediciyə tərəf üzəsiniz;
  • əgər xilasetmə jiletini geyinməmisinizsə, suda batmayan bir əşyadan yapışın, mümkündürsə, onun üzərində arxası üstə uzanın;
  • təşvişə düşməyin! Yadda saxlayın ki, orta yaşlı insan susuz 3 gündən 10 günədək, qidasız və bir ay və daha artıq müddətdə sağ qala bilir.

 

Qadağandır!

 

  • gəminin təlim-həyəcan siqnalından yayınmaq;
  • xilasеtmə vasitələrinin yеrini dəyişdirmək və ya оnları təyinatı üzrə istifadə etməmək;
  • gəminin səsgücləndirici yayım хəttini söndürmək.