Fövqəladə hallarla bağlı davranış qaydaları

Hava nəqliyyatında hadisə (qəza)

Geri

Təyyarənin hər hansı hissəsinin, o cümlədən mühərriklərin sıradan çıxması, yanacaq çatışmazlığı, idarəetmə, elektrik təminatı və əlaqə sistemlərinin pozulması, ekipaj üzvləri və ya sərnişinlərin ehtiyatsızlığı və s. hallar aviasiya qəzalarına səbəb ola bilər. Hava nəqliyyatından istifadə zamanı sərnişinlərin təhlükəsiz davranış qaydalarını bilməsi vacibdir. Odur ki, uçuşdan əvvəl qəza təlimat kartı ilə diqqətlə tanış olmalı, qəza zamanı təyyarə bələdçiləri və ya heyət üzvlərinin təlimatlarına mütləq əməl olunmalıdır.

Təyyarə salonunda hermetiklik pozularsa (dekompressiya):

Hermetiklik pozulmasının əlamətləri:

  • salonda qulaqbatırıcı səsin yaranması;
  • salonu toz və dumanın bürüməsi;
  • görmənin çətinləşməsi, qulaqlarda gurultu və bağırsaqlarda ağrının hiss olunması.

Hermetiklik pozulan zaman nə etməli:

  • bələdçilərin və ya heyət üzvlərinin təlimatlarına diqqətlə əməl edin;
  • yadda saxlayın ki, oksigen maskaları təyyarənin modelindən asılı olaraq avtomatik enə və ya xüsusi yerdən götürülə bilər;
  • oksigen maskası endikdə onu dərhal taxın, yalnız normal tənəffüsünüzü təmin etdikdən sonra digər sərnişinlərə kömək edin! 
  • təhlükəsizlik kəmərini bağlayın, iki əlinizi başınızın arxasına tutub önə əyilərək qəfil enişə hazır olun; 
  • unutmayın ki, avtomatik oksigen təmin edən sistemin ehtiyatı 12-15 dəqiqədir. Əlavə oksigenə ehtiyac olarsa, nəfəsalma daşına bilən oksigen balonları ilə təmin olunur.

Təyyarədə yanğın zamanı nə etməli:

  • ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;
  • salonda hərəkət etmək mümkün deyilsə (keçid tutulmuşdursa), oturacağı arxaya əyərək ona söykənin;
  • təyyarə dayanandan sonra dərhal döşəməyə əyilərək ən yaxın çıxışa gedin – açıq yanğın və ya güclü tüstülənmə olan çıxışdan istifadə etməyin;
  • təyyarədən çıxan kimi ərazidən uzaqlaşıb, mümkün partlayışdan qorunmaq üçün üzü üstə yerə uzanaraq əllərinizlə başınızı arxadan qoruyun.

Qəza enişi zamanı və ondan sonra nə etməli:

  • təhlükəsizlik kəmərini bağlı saxlayın;
  • yanğın yoxdursa, təyyarə tam dayananadək yerinizi tərk etməyin və əzələlərinizi mümkün qədər gərib, ağır yüklənməyə hazır olun;

Təyyarə su üzərinə qəza enişi edərsə:

  • su üzərinə qəza enişindən əvvəl təyyarə bələdçiləri və ya heyət üzvləri tərəfindən veriləcək təlimatlara əməl edin;
  • sizə veriləcək jiletləri təlimata uyğun geyinin və enişə hazır olun;
  • təyyarəni tərk edənə kimi jiletləri hava ilə doldurmayın – qəza çıxışları kiçik olduğu üçün bu, sizə mane ola bilər;
  • suya endikdən sonra təlimatlara diqqətlə əməl edin və təşvişə düşməyin;
  • ehtiyac yaranarsa, təxliyyənin təmin olunmasında heyət üzvlərinə kömək edin.