Fövqəladə hallarla bağlı davranış qaydaları

Dəmir yolu nəqliyyatında qəzalar

Geri

Dəmir yolu nəqliyyatında qəzalar daha çox qatarın relsdən çıxması, maneələrlə qarşılaşma, vaqonlarda baş verən yanğın və partlayışlar nəticəsində rast gəlinir. Bu qəzalar insan sağlamlığı və həyatı üçün çox təhlükəli olduğundan belə nəqliyyat növündən istifadə edərkən təklükəsizlik qaydalarını bilmək vacibdir.

Profilaktik tədbirlər:

  • özünüzlə qatara partlayış təhlükəli və yanar maddələr götürməyin;
  • vaqonda yerləşən kimi qəza çıxışlarının yerini öyrənin;
  • yaxınlıqdakı odsöndürücü vasitənin yerini müəyyən edin;
  • yüklərinizi nəzərdə tutulmuş yerlərdə səliqəli şəkildə yerləşdirin;
  • yalnız müəyyən olunmuş yerlərdə siqaret çəkin;
  • qatar hərəkət edərkən bayır qapıları açmayın və pillələrdə durmayın;
  • zərurət olmadıqda “stop-kran”dan (qatarı qəfil saxlamaq üçün vasitə) istifadə etməyin;
  • yadda saxlamaq lazımdır ki, hətta qəza zamanı belə qatarı körpü üzərində, tuneldə və təxliyyə işini çətinləşdirən digər yerlərdə saxlamaq olmaz;
  • rezin və ya tüstü qoxusu hiss etdikdə dərhal qatar bələdçisini xəbərdar edin.

Qəza baş veribsə:

  • qəza zamanı qatar sürətli hərəkət edirsə, oturaraq önə əyilib iki əlinizlə başınızın arxasından tutaraq oturacağa möhkəm sıxılın. Bu zaman ayaq üstəsinizsə, möhkəm dayanıb tutacaqdan tutun;
  • qəza zərbəsindən sonra arxayınlaşmayın, təhlükənin sovuşduğuna əmin olanadək əzələlərinizi gərginlikdə saxlayın;
  • “112” qaynar xəttinə məlumat verin;
  • qəzadan sonra qapı və ya pəncərə – qəza çıxışı vasitəsilə və ya  zərurət yarandıqda küt əşya ilə vaqonun pəncərəsini sındırmaqla qatarı tərk edib təhlükəsiz əraziyə çəkilin;
  • mümkündürsə, uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin;
  • qatarı tərk edərkən sənədləri və  vacib əşyaları götürməyi unutmayın;
  • qəza zamanı ətrafa yanacaq dağılmışsa və ya elektrik xətləri qırılıb yerə düşmüşsə, bunlardan mümkün qədər uzaq durun.