Fövqəladə hallarla bağlı davranış qaydaları

Kiçik həcmli gəmilərin istismarı zamanı təhlükəsizlik qaydaları

Geri
Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda kiçik həcmli gəmilərin (bundan sonra – gəmi) təhlükəsiz hərəkətinə dair qaydaları nəzərinizə çatdırırıq.

Gəmilərin təhlükəsiz istismarına qoyulan şərtlər:

- sututarlarda gəmilərin istismarına yalnız günün işıqlı vaxtı icazə verilir;

- gəmi yalnız texniki sənədlərində qeyd edilmiş yük götürmə qabiliyyətinə əsasən yüklənə bilər;

- gəmidə texniki sənədlərində göstərilmiş saydan artıq sərnişin daşına bilməz;

- gəmilər Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyində (bundan sonra - Müfəttişlik) dövlət qeydiyyatına alınmalıdır;

- gəmi sahibləri, texniki vəziyyətinin qiymətləndirilməsi və üzmə müddətinin uzadılması üçün, gəmilərini hər il əvvəlki baxışdan bir il müddət ötmədən Müfəttişlikdə texniki baxışdan keçirməlidirlər;

- gəmi istifadəçiləri Müfəttişlik tərəfindən verilən gəmiləri idarə edilməsi hüququnu verən sürücülük vəsiqəsinə malik olmalıdırlar.

 

 Gəmilərin istismarı aşağıdakı hallarda qadağan edilir:

- gəmi dövlət qeydiyyatından keçmədikdə;

- gəmi texniki baxışdan keçmədikdə;

- gəminin bort nömrəsi olmadıqda;

- gəmidə yük və sərnişin götürmə normaları pozulduqda;

- gəmini idarə edən şəxsin sürücülük vəsiqəsi olmadıqda;

- gəmini idarə edən şəxs sərxoş olduqda;

- qəbul edilmiş sürət qaydaları pozulduqda;

- səs siqnalları, fərqləndirici işıqlandırma və manevr etmə qaydaları pozulduqda;

- gəmi icazə olmadan qadağan olunmuş ərazilərdə idarə edildikdə;

- gəmi insanların kütləvi istirahət etdiyi ərazilərdə idarə edildikdə;

- gəmidə azyaşlı valideynlər tərəfindən müşayiət edilmədikdə;

- gəmi təyinatından kənar sahə üzrə istismar olunduqda;

- hərəkət vaxtı insanların bir gəmidən başqa gəmiyə keçmək halları müşahidə edildikdə;

- yanacaq doldurma vaxtı yanğından mühafizə qaydaları pozulduqda;

- gəmi biletində qeyd olunmayan mühərrikdən istifadə edildikdə;

- gəmi görmə məsafəsi məhdud olduğu hallarda və dumanlı hava şəraitində idarə edildikdə;

- kanallarda, torpaqsovuran qurğuların işlədiyi yerlərdə və qəza təmir işləri aparılan yerlərdə keçmə qaydaları pozulduqda;

- üzmə qaydaları və sərnişinlərin təhlükəsizliyi təmin olunmadıqda;

- küləyin sürəti 5-7 m/s, dalğaların hündürlüyü 0.5-0.75 m–dən artıq olduqda;

- gəmi dənizə çıxarkən xilasedici dairə, maqnit kompası və ya GPS naviqasiya vasitələri, xilasedici jilet (heyət üzvlərinin sayına görə), lövbər, yanalma kəndirləri, bir cüt avar, gecə siqnalı üçün əl fənəri, vedrə və ya quruducu əl nasosu, ilkin tibbi yardım çantası, yanğınsöndürmə balonu və içməli su ehtiyatı ilə təchiz olunmadıqda.