Fövqəladə hallarla bağlı davranış qaydaları

Kimyəvi qəzalar

Geri
Zəhərli kimyəvi maddələrin emalı, daşınması, saxlanması və istifadəsi zamanı müxtəlif miqyaslı qəzalar baş verir. Belə qəzalar, adətən, kimya, neft-kimya, neft emalı, ət-süd sənayesi, soyuducu kombinatlar, su anbarları, kimyəvi maddələr saxlanılan anbarlar, hərbi sursatların saxlanc yerləri, kimyəvi maddələr daşıyan nəqliyyat vasitələri və s.də baş verə bilər. Kimyəvi zəhərlənmədən qorunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarını bilmək vacibdir.

 

Kimyəvi qəza zamanı nə etməli:

- xəbərdarlıq siqnalından dərhal sonra radionu və ya televizoru işə salın və rəsmi orqanların göstərişlərini yerinə yetirin;

- zəhərlənmədən qorunmaq üçün tənəffüs yollarını əleyhqaz və ya zəhərli maddəni zərərsizləşdirən məhlulda (xlor qazına qarşı soda məhlulu, ammonyak və onların törəmə birləşmələrinə qarşı üzüm sirkəsi və ya limon turşusu) isladılmış çoxqatlı tənzif və ya tibbi maska ilə mühafizə edin;

- təhlükəli ərazini tərk edənədək fərdi mühafizə vasitələrini çıxarmayın;

- qaz və elektrik cihazlarını şəbəkədən ayırın;

- ehtiyat çantasını özünüzlə götürün;

- mümkündürsə, rezin çəkmə və plaş geyinərək ərazini küləyin əksi istiqamətində tərk edin;

- yardıma ehtiyacı olanlara kömək edin;

- zəhərlənmiş ərazidən çıxdıqda mütləq aidiyyəti qurumlar tərəfindən təşkil olunmuş sanitar təmizləmədən keçin.

Kimyəvi qəzadan sonra nə etməli:

Təhlükəli ərazini tərk edə bilmisinizsə:

- çox miqdarda maye (süd, su, çay və s.) qəbul edin;

- göz damcısı (albisud) ilə gözlərin selikli qişasını təmizləyin;

- mümkün qədər tez duş qəbul edin;

- paltarlarınızı yumadan istifadə etməyin;

- qüvvənizə qənaət edin;

- profilaktik müayinə üçün həkimə müraciət edin;

- aidiyyəti qurumların icazəsi olmadan qəza ərazisindəki qida məhsulları və sudan istifadə etməyin.

Təhlükəli ərazini tərk edə bilməmisinizsə:

- kondisioner və ventilyasiya sistemini söndürün, qapı-pəncərələri kip bağlayın;

- mənzilin hermetikliyini təmin edin (məkana hava daxil olan məsamələri “skoçla” izolə edin);

- qorunmaq üçün zirzəmidən istifadə etməyin;

- mütəmadi olaraq havaya su səpin;

- evi tərk etmədən xilasediciləri gözləyin.