Fövqəladə hallarla bağlı davranış qaydaları

Hidrodinamik qəzalar

Geri
Hidrodinamik qəza nədir?

Hidrodinamik qəza - hidrotexniki qurğunun, yaxud onun bir hissəsinin dağılması zamanı nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması nəticəsində yaranan fövqəladə haldır. Potensial təhlükəli hidrotexniki qurğulara su anbarları, su bəndləri, iritutumlu kanallar, suburaxıcılar və şlüzlər aiddir.

Hidrotexniki qurğuların dağılması təbii fəlakətlər və ya insan fəaliyyətinin təsiri nəticəsində baş verə bilər.

Hidrodinamik qəzalara səbəb olan təbii fəlakətlər:

- zəlzələ;

- qasırğa;

- uçqun;

- sürüşmə;

- sel və daşqın.

Hidrodinamik qəzalara səbəb olan insan fəaliyyəti növlər:

- hidrotexniki qurğuda konstruktiv elementlərin qüsurları;

- hidrotexniki qurğunun istismar qaydalarının pozulması;

- suaşıran qurğunun az həcmdə su buraxması və bəndin üzərindən suyun daşması;

- normadan artıq su axını;

- suötürücülərin nasazlığı;

- diversiya aktları.

Hidrodinamik qəzaların təhlükəli nəticələri:

- dağıdıcı dalğa;

- yerli subasmalar.

Hidrodinamik qəzalar zamanı subasmaya görə ərazilər iki risk zonasına bölünür:

- fəlakət ərazisi;

- təhlükəli subasma ərazisi.

Fəlakət ərazisi həmin hidrotexniki qurğudan 6 km radiusda xeyli sayda canlının məhv olduğu, bina və digər qurğuların dağıldığı ərazidir. Təhlükəli subasma ərazisi isə fəlakət ərazisindən 6 km-dən 70 km-dək radiusda olan ərazidir.

Belə ki, hidrotexniki qurğular adətən dağlıq ərazilərdə yerləşdiyindən hidrodinamik qəza zamanı nəzarətdən çıxan su kütləsi dalğalanaraq böyük sürətlə hərəkət edir. Belə subasmalar kütləvi insan təlafatı, yaşayış məntəqələri, istehsalat və kənd təsərrüfatı obyektlərinin dağılması, flora və faunanın məhv olması ilə nəticələnir. Adətən, hidrodinamik qəzalar elektrik enerjisinin istehsalında,  meliorasiya və digər sahələrdə fəsadlar, qısaqapanmalardan baş verən yanğınlar, qruntların yuyulması nəticəsində sürüşmə və uçqunlar, içməli su mənbələrinin çirklənməsi və sanitar-epidemioloji vəziyyətin kəskin pisləşməsi kimi fövqəladə hadisələrlə müşayiət olunur.  

 

Hidrotexniki qurğuların mümkün fəlakət və təhlükəli subasma ərazilərində məskunlaşmış əhali hidrodinamik qəzalar zamanı təhlükəsiz davranış qaydalarını bilməlidir.

Hidrodinamik qəzalar zamanı davranış qaydaları:

- daha yüksək ərazilərə qalxmaq üçün əvvəlcədən bir neçə mümkün qısa marşrut müəyyən edin.

- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;

- elektrik və qaz cihazlarını xətdən ayırın, qapı-pəncərələri, ventilyasiya sistemlərini və s. qurğuları bərk bağlayın;

- ev heyvanlarını sərbəst buraxın;

- əvvəlcədən müəyyən etdiyiniz daha yüksək əraziyə yollanın.

Əgər subasma qəflətən baş veribsə:

- subasmadan qorunmaq üçün evin çardağına, binanın yuxarı mərtəbəsinə və s. qalxın;

- elektrik təchizatını dayandırın, xilasedicilərə rəng və işıq siqnalları ilə (gündüz əlvan rəngli parça, gecə işıq və səs vasitələri) yerinizi bildirin;

- mümkün qədər qida və içməli su ehtiyatı hazırlayın (məişətdə istifadə olunan ümumi xətlərdən gələn su çirklənmiş ola bilər);

- daşqın suyuna düşmüş qida məhsullarından istifadə etməyin.

- su basmış ərazini müstəqil olaraq təcili yardım ehtiyacı yarandıqda, suyun səviyyəsi sürətlə qalxdıqda və xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz.

Əgər suya düşmüsünüzsə:

- suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;

- ətrafınızdakı itiuclu və kəsici alətləri özünüzdən uzaqlaşdırın;

- yardım gələnədək suyun üzərində qalmağa imkan verən, batmayan əşyalardan yapışın.

Daşqından sonra nə etməli:

- su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;

- evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın;

- yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibili tez yığışdırıb həyəti və evi təmizləyin;

- içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edin.