Fövqəladə hallarla bağlı davranış qaydaları

Güclü küləklər (qasırğa, fırtına, tufan)

Geri
Külək - havanın  yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi istiqamətdə hərəkətinə deyilir.

Qasırğa - sürəti saatda 117 kilometrə çatan güclü (dağıdıcı) küləklərdir.

Fırtına - dənizdə iri dalğaların əmələ gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 103-120 kilometr sürətli güclü küləkdir.

Tufan – saatda 62-100 kilometr sürətə malik olan küləkdir.

Burağan – havanın sütun və ya qıf formasında burulğanlı hərəkətidir. Burağanda hava orta hesabla saatda 300 kilometr sürəti ilə saat əqrəbinin əks istiqamətində 1000-1500 metr hündürlükdə hərəkət edir.   

Güclü küləklər dağıntı və tələfata səbəb olduğundan aşağıdakı qaydalara əməl edilməlidir.

Bu təbiət hadisələri ilə bağlı davranış qaydaları:

- qapı və pəncərələri bərkidin, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin təzyiqinə davamlılığını artırın;

- evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;

- içəri otaqlardan birini daldalanmaq üçün hazırlayın, bütün ehtiyat ləvazimatlarını oraya yığın. 

Güclü qasırğa və burağan zamanı:

- qasırğa vaxtı evdəsinizsə, soba və elektrik cihazlarını söndürün, qazı bağlayın;

- əvvəlcədən hazırlanmış içəri otağa və ya dəhlizdə pəncərəsi olmayan bir yerə keçin;

- fəlakət barədə rəsmi orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl edin;

- qasırğa sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı tikili, körpü, estakada, sənaye müəssisəsi, çay və dəniz sahilinə yaxınlaşmayın, elektrik dirəyi və məftilləri, hündür ağacların altında dayanmayın;

- dərhal yaxınlıqdakı binaların zirzəmilərində, möhkəm tikililərdə daldalanmağa çalışın;

- üzünüzü küləyin ətrafa atdığı daş və şüşə parçalarından faner, karton və ya digər bərk əşya ilə, ağız-burnunuzu isə tozdan yaylıq və ya şərflə qoruyun;

- burağan zamanı evdəsinizsə, dərhal zirzəmiyə keçin. Çöllükdəsinizsə, yaxınlıqdakı çökək və ya xəndəkdə uzanıb dibə sıxılın;

- maşındasınızsa, onu saxlayın, salondan çıxıb yaxınlıqdakı çökək və ya xəndəkdə daldalanın.