Fövqəladə hallarla bağlı davranış qaydaları

Qar uçqunu (marxal, çığ)

Geri
Qar uçqunu - dağların dik yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir.

Qar uçqunu qorxusu olan yerlərdə əsas davranış qaydaları:

- qarlı və pis hava şəraitində dağlara çıxmayın;

- dağda olarkən havanın dəyişməsinə diqqət yetirin, uçqun ehtimalı olan sahələrdən, dik yamaclardan kənar gəzin.

Qar uçqunu başlayıbsa:

- qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;

- uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan tüpürcəyin istiqamətinə görə təyin etmək olar);

- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.

- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.