Fövqəladə hallarla bağlı davranış qaydaları

Terror

Geri
Terror – insanların həlak olması, onların sağlamlığına zərərin və əmlaka əhəmiyyətli ziyanın vurulması və ya başqa ictimai təhlükələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər, habelə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. Terrorun ən çox rast gəlinən formaları terrorla hədələmə, sui-qəsd, girov götürmə, eləcə də partlayıcı qurğulardan, kimyəvi, bioloji, nüvə və radioloji silahlardan istifadədir.

 

Terror hadisəsinin qurbanı olmamaq üçün:

- xüsusilə insanların kütləvi toplaşdığı yerlərdə ayıq-sayıq olun, ətrafınızda cərəyan edən hadisələrə diqqətlə yanaşın;

- hər hansı sahibsiz əşya, şübhəli davranan insan gördükdə “102” və ya “112” qaynar xəttinə məlumat verin;

- nədənsə şübhələnirsinizsə, ərazini tərk edin;

- zahirən təhlükəli təsir bağışlayan poçt bağlamalarını qəbul etməyin;

- terror hadisəsinin planlaşdırılması haqqında telefonla xəbərdar edildikdə:

- mümkündürsə, zəng olunan nömrəni qeyd edin;

- zəng edəndən bacardıqca çox informasiya almağa çalışın;

- sizə deyilənləri dəqiqliklə yadda saxlayın;

- “102” və ya “112” qaynar xəttinə məlumat verin.

 

Partlayıcı qurğu təhlükəsi:

- partlayıcı qurğunun əlamətləri: dartılmış məftil, izolyasiya lenti, məxsusi səsin eşidilməsi, kiçik antena, maşının altından uzanan məftil, nəzarətsiz qalmış çanta, qutu, bağlama və s.;

- şübhəli əşya ilə rastlaşdıqda ondan uzaq durun, dərhal “102” və ya “112” qaynar xəttinə məlumat verin və ətrafdakı insanları xəbərdar edin;

- şübhəli əşya yaxınlığında radioqurğu və mobil telefondan istifadə etməyin;

- Yadda saxlayın: partlayıcı qurğunu zərərsizləşdirmək yalnız mütəxəssislərin işidir. Heç bir halda belə bir qurğuya toxunmayın və onu hər hansı formada zərərsizləşdirməyə çalışmayın.

 

Real partlayış təhlükəsi zamanı nə etməli:

- mümkün olduğu qədər partlayıcı qurğudan uzaqlaşın, yerə uzanın və başınızı əllərinizlə qoruyun. Bu zaman ayaqlarınız partlayıcı qurğu tərəfə uzanmalıdır;

- qəlpələrdən qorunmaq üçün hər hansı daş və ya beton maneənin arxasında gizlənin. Bunun üçün heç bir halda plastmas, şüşə və taxtadan olan maneələri, reklam şitlərini seçməyin;

- partlayış dalğasının keçdiyini hiss etdikdən dərhal sonra ayağa qalxmayın.

 

Terror hadisəsinə məruz qaldıqda:

- mümkün qədər hadisə yerindən uzaqlaşmağa çalışın, “102” və ya “112” qaynar xəttinə məlumat verin;

- əlaqədar qurumların təlimatlarına əməl edin;

- təcili təxliyyəyə hazır olun;

- sürətlə hərəkət edən izdihamın içində yıxılmamağa çalışın, insan axınının sizi aparmasına imkan verin;

- yaralanmısınızsa, əl altında olan parça materialı ilə (dəsmal, şərf, paltar və s.) yaranızı sarımağa və qanaxmanı dayandırmağa çalışın;

- dağıntılar altında qalmısınızsa, səs və tıqqıltı ilə diqqəti cəlb etməyə çalışın və uçqun əmələ gətirməmək üçün ehtiyatla hərəkət edin;

- ətrafda qəribə qoxu hiss edirsinizsə, yaxud boğulursunuzsa, ağız və burnunuzu çoxqatlı nəm parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq nəfəs alın;

- uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.

 

Əgər sizi girov götürüblərsə:

- özünüzü ələ alın, təşvişə düşməyin və sakitliyinizi qoruyun. Əmin olun, əlaqədar qurumların əməkdaşları sizi xilas etməyə çalışırlar;

- sizi girov götürənlə münaqişəyə girməyin, xüsusilə ilk saatlarda onların bütün göstərişlərinə əməl edin;

- davranışınızla diqqət cəlb etməyin, fəal müqavimət göstərməyin;

- qaçmaqla qurtula biləcəyinizə əmin deyilsinizsə, buna cəhd etməyin;

- yaralanmısınızsa, az hərəkət edin;

- yeməkdən imtina etməyin. Bu, sizə gücünüzü və sağlamlığınızı qorumağa kömək edər;

- qapı və pəncərədən, eləcə də terrorçudan uzaq durun. Xilasetmə tədbirləri zamanı bu, sizin təhlükəsizliyiniz üçün vacibdir. Əgər atışma baş verərsə, üzü üstə yerə uzanın və başınızı iki əlinizlə qoruyun;

- xilas olunduqdan sonra düşünülməmiş bəyanatlar verməyin.