Ailənin fövqəladə hallara hazırlıq planına aşağdakı məlumatlar daxil edilməlidir:
- yaşadığınız bölgə üçun xarakterik fövqəladə halları əvvəlcədən müəyyən edin;
- həmin fövqəladə hallara hazırlıq, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair davranış qaydalarını öyrənin, və ailənin hər bir üzvünün bilməsinə əmin olun;
- çalışdığınız yerlərdə (iş yeri, məktəb, baxça və s.) fövqəladə hal planı (təxliyyə planı) ilə tanış olun;
- ailə üzvlərinizlə kənarda görüş yeri təyin edin. Əmin olun ki, ayrı düşdükdə hamı bir-biri ilə nə vaxt və necə əlaqə saxlayacağını bilir;
- aidiyyəti qurumlardan başqa, fovqəladə hallar zaman əlaqə saxlaya biləcəyiniz yaxın bir adam müəyyən edin. Bütün ailə üzvləri o şəxsin telefon nömrəsini və ünvanını bilməlidir. Fövqəladə haldan sonra həmin şəxsə zəng edin, olduğunuz yeri və sizinlə hər şeyin qaydasında olub, olmadığını söyləyin;
- ev heyvanı saxlayırsınızsa, fövqəladə hallar zamanı onun təhlükəsizliyini necə təmin edəcəyinizi müəyyən edin. Çünki ev heyvanları fövqəladə hallar zamanı yaradılan sığınacaqlara buraxılmır.
Plan hazırlandıqdan sonra aşağıdakılara əməl edilməlidir:
- ailənizlə fövqəladə hallara hazırlığı birlikdə müzakirə edin və əmin olun ki, hər kəs öz rolunu bilir;
- planınızı mütəmadi məşq edin, ailə üzlərinin plan haqqında biliklərini müntəzəm olaraq yoxlayın;
- ehtiyat çantasını vaxtlı-vaxtında yoxlayın, istifadə müddəti bitmiş məhsulları təzələyin.
Yadda saxlayın:
- uşaqlara fövqəladə hal baş verən zaman “112” qaynar xəttinə zəng etməyi və hansı məlumatları verəcəklərini öyrədin;
- qaz və elektrik enerjisinin şəbəkədən necə söndürüldüyünü hər kəs öyrənib yadda saxlasın;
- vacib sənədlərinizi təhlükəsiz yerdə saxlayın və onların bir surətini etibar etdiyiniz şəxsə verin.