Azərbaycan Respublikasının Konstitusiyası

8-ci fəsil. Naxçıvan Muxtar Respublikası

Geri

Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir.

Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.

Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

2) vergilər;

3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

4) sosial təminat;

5) ətraf mühitin qorunması;

6) turizm;

7) səhiyyə, elm, mədəniyyət.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.

Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

- muxtar respublikanın büdcəsini icra edir;

- muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

- muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.

Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.