Azərbaycan Respublikasının Konstitusiyası

10-cu fəsil. Qanunvericilik sistemi

Geri

Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi

I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1) Konstitusiya;

2) referendumla qəbul edilmiş aktlar;

3) qanunlar;

4) fərmanlar;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.

III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

Maddə 149. Normativ hüquqi aktlar

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

V. Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Maddə 150. Bələdiyyə aktları

I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.

II. Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.